"Azərbaycan–Gürcüstan Media Forumu region üçün önəmlidir" - MÖVQE

5 Dekabr 2025 16:23 (UTC+04:00)

"Bakıda Azərbaycan–Gürcüstan Media Forumunun keçirilməsi çox önəmlidir. Çünki Cənubi Qafqaz regionu bütün dünya üçün strateji baxımdan əhəmiyyətli bir məkandır. Qarabağ münaqişəsinin başa çatması və Azərbaycanın qələbəsindən sonra regionda yeni reallıqlar yaranıb və bu da dünya ictimaiyyətinin diqqətini Cənubi Qafqaza yönəldib". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, belə olan halda, bu regionda fəaliyyət göstərən media qurumlarının üzərinə ciddi məsuliyyət düşür: "Bu baxımdan Azərbaycan və Gürcüstan media forumunun təşkili mühüm hadisədir. Gürcüstan mediası da çoxqütblü bir məkandır və burada Qərb ölkələrinin təsiri güclüdür. Gürcüstanda Azərbaycanla bağlı həqiqətlərin yayılması və obyektiv informasiyanın çatdırılması vacibdir. Eyni zamanda, Azərbaycan jurnalistlərinin Gürcüstanlı həmkarları ilə əməkdaşlıq etməsi, dezinformasiya və saxta xəbərlərə qarşı birlikdə mübarizə aparması çox əhəmiyyətlidir.

Forum çərçivəsində Azərbaycan və Gürcüstan kimi regionun aparıcı ölkələrinin media nümayəndələrinin bir araya gəlməsi, aktual mövzuların müzakirəsi, panellərin təşkili forumun əhəmiyyətini daha da artırır. Gələcəkdə bu forumun miqyası genişlənə, bütün Cənubi Qafqazı əhatə edə bilər. Eyni zamanda, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan əsilli jurnalistlərin də bu foruma dəvət olunması mühüm addımdır. Bu forumda müzakirə olunan mövzular sübut edir ki, Azərbaycan artıq dünyada media sahəsində baş verən yenilikləri yaxından izləyən, bu sahəyə açıq olan və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi ölkəyə çevrilib. Bu, həm də dövlətin media sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Forumun nəticəsi olaraq, Azərbaycan və Gürcüstan hökumətləri arasında ortaq layihələrin həyata keçirilməsi planlaşdırılır ki, bu da media əməkdaşlığı baxımından çox önəmlidir və uğurlu bir platformadır, deyə düşünürəm".