Marketlərdə və digər satış yerlərində alış-veriş edən zaman üstü açıq şəkildə çəki ilə satılan məhsulları görürük. Çoxumuz buna diqqət yetirmirik və demək olar ki, həmin qidaları alır və mütəmadi istehlak edirik. Bəs, bu cür qidaların istehlak edilməsi nə dərəcədə təhlükəsizdir?
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, əksər məhsulların paketlənməsi onların istehlakçıya sağlam və təhlükəsiz şəkildə çatdırılmasında mühüm rol oynayır:
"Düzgün qablaşdırma qidanı xarici mühitdən ayıraraq onu toz, mikroorqanizmlər, nəmlik, temperatur dəyişiklikləri və digər fiziki çirklənmə mənbələrindən qoruyur. Bu qoruyucu funksiyanın nəticəsində məhsulun keyfiyyəti, dadı, rəngi və qida dəyəri saxlanılır, həmçinin məhsulun raf ömrü uzadılır. Müasir qida sənayesi bu məqsədlə xüsusi materiallardan – hava keçirməyən plastiklərdən, şüşələrdən, metal qablardan və ekoloji cəhətdən təhlükəsiz kağız paketlərdən istifadə edir.
Qablaşdırmanın digər mühüm tərəfi onun üzərində əks olunmalı olan məlumatlardır. İstehlakçı hər bir məhsulun paketində qidanın tam tərkibi ilə tanış olmalıdır. Bu, xüsusilə allergiyası olan şəxslər, hamilə qadınlar, uşaqlar və xroniki xəstəlikləri olan insanlar üçün həyati əhəmiyyət daşıyır, çünki onlara uyğun olmayan tərkib elementlərinin vaxtında müəyyən edilməsi sağlamlıq risklərini azaldır. Bundan əlavə, istehsalçı barədə məlumat – şirkətin adı, ünvanı və əlaqə vasitələri – məhsulun mənşəyini təsdiqləyir və istehlakçıya etibarlılıq verir. İstehsal və son istifadə tarixləri isə məhsulun nə qədər təzə olduğunu və hansı müddət ərzində təhlükəsiz şəkildə istifadə oluna biləcəyini göstərir. Saxlanma şəraiti və temperatur göstəriciləri də paketdə göstərilməli vacib məlumatlardandır, çünki məhsulun düzgün saxlanmaması onun tez xarab olmasına gətirib çıxara bilər. Bəzi məhsullarda isə istifadə qaydaları – məsələn, bişirmə üsulları, açıldıqdan sonra neçə gün ərzində istehlak edilməsi kimi məlumatlar – ayrıca qeyd edilir.
Bazarda çəkilə və ya açıq şəkildə satılan məhsullar – xüsusən də paxlalılar, taxıl məhsulları, ədviyyatlar və quru qidalar – yalnız mənşəyi etibarlı olan mənbələrdən alınmalıdır. Bu cür məhsullar qablaşdırılmadığı üçün daha asan çirklənə, nəmlənə və ya keyfiyyətini itirə bilər. Bu səbəbdən, çəkilə satılan məhsulların belə, istehlakçıya təqdim edilərkən çəkisi və qiyməti ilə yanaşı, istehsal tarixi, son istifadə müddəti və istehsalçı barədə məlumatları da tam şəkildə göstərilməlidir. Bu məlumatların olmaması məhsulun mənşəyini və təhlükəsizliyini şübhə altına alır.
İstifadə müddəti bitmiş və ya qabı açıldığı üçün fiziki çirklənməyə məruz qalmış məhsullar insan sağlamlığı üçün ciddi risk yaradır. Bu cür qidaların qəbul edilməsi allergik reaksiyaların artmasına, həzm sistemində pozulmalara, qarın ağrıları, ishal, qida zəhərlənməsi kimi hallara və maddələr mübadiləsində problemlərə səbəb ola bilər. Xüsusilə immun sistemi zəif olan şəxslər, xroniki xəstəlikləri olanlar, azyaşlı uşaqlar və yaşlı insanlar bu təsirlərə daha həssasdır və zərərli maddələrə daha sürətli reaksiya verirlər. Sağlam və immun sistemi güclü olan insanlarda simptomlar dərhal ortaya çıxmaya bilər, lakin çirklənmiş və ya vaxtı keçmiş məhsulların uzunmüddətli qəbulu gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına, orqanizmin müqavimətinin azalmasına və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Bütün bunlar göstərir ki, qablaşdırmanın düzgün olması, üzərindəki məlumatların tam və aydın şəkildə verilməsi, həmçinin məhsulun mənşəyinin və saxlanma şəraitinin etibarlılığı qida təhlükəsizliyinin əsas şərtlərindəndir. İstehlakçılar məlumatlı seçim etdikcə həm öz sağlamlıqlarını qorumuş olur, həm də keyfiyyətli məhsullara tələbat artdığı üçün bazarda sağlam istehsalın təşviqinə şərait yaranır".