"Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirilən III beynəlxalq Konfransda Prezidentin çıxışlarını nəzərə alsaq, demək mümkündür ki, Azərbaycan xalqı artıq iki əsrdən çoxdur ki, müxtəlif dövrlərdə deportasiyalara məruz qalıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə,bu deportasiyalar 1905-ci, 1907-ci illərdə, Sovet dönəmində – 1930-cu, 1940-cı illərdə və daha sonra 1980–1990-cı illərdə baş verib: "Bu deportasiyalar nəticəsində Azərbaycan xalqı həm insan itkisinə, həm də mədəni irsin itirilməsinə məruz qalıb. İllər boyunca azərbaycanlılar fərqli bölgələrə köçürülüb, öz keçmişlərini, tarixlərini və mədəni irslərini arxada qoymağa məcbur olublar. Xüsusilə 1980–1990-cı illərdə Ermənistan tərəfindən həyata keçirilən deportasiyalar nəticəsində azərbaycanlıların dədə-baba yurdlarından qovulması, evlərinin, irslərinin və izlərinin silinməsi prosesi yaşanıb.
44 günlük Vətən müharibəsindən sonra, Ermənistanın məğlubiyyəti fonunda Azərbaycan xalqı, həmçinin dövlət başçısı bu tarixi irsin bərpası, itirilmiş torpaqların və dəyərlərin geri qaytarılması üçün çağırışlar etdi. Prezident bu çağırışları müsbət qəbul etdi və nəticə olaraq ölkə rəhbərləri arasında müxtəlif görüşlər keçirildi. Burada əsas fikir ondan ibarətdir ki, əgər ermənilər bu gün Qarabağda yaşamaq hüququna malik olduqlarını bildirirlərsə, eyni hüquq Azərbaycanlılara da aiddir – onlar da tarixi torpaqları olan indiki Ermənistan ərazisinə, yəni keçmiş İrəvan xanlığına qayıtmaq və orada yaşamaq haqqına sahibdirlər.
Bu çərçivədə Qərbi Azərbaycan İcması və digər ictimai birliklər beynəlxalq aləmə bəyanatlar verir və Azərbaycanın mədəni, tarixi irsinin həm Qarabağda, həm də Ermənistandakı torpaqlarda bərpası istiqamətində fəaliyyət göstərirlər.
Prezidentin konfransdakı çıxışı da bu baxımdan önəmlidir. O, açıq şəkildə bildirdi ki, Azərbaycan xalqı tarixi köklərinə qayıtmalı, öz torpaqları ilə yenidən qovuşmalı və bu istiqamətdə həm diplomatik, həm sosial, həm də iqtisadi sahələrdə dialoq və münasibətlərin qurulması vacibdir. Bu proses həm də Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması və düşmənçilik münasibətlərinin insani və mədəni əsaslarla əvəz olunması üçün vacib bir mərhələdir".