"2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra Azərbaycan hökuməti dərhal azad edilmiş torpaqların bərpası istiqamətində hərtərəfli fəaliyyətə başladı. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında “Böyük Qayıdış” proqramı çərçivəsində burada həm infrastruktur, həm də sosial və ekoloji layihələr həyata keçirilir. Azərbaycan bu torpaqlarda ekoloji ədaləti bərpa etməyə və regionu yaşıl inkişaf mərkəzinə çevirməyə nail olub. Yəni Azərbaycan təkcə itirilmiş torpaqlarını deyil, həm də itirilmiş ekoloji dəyərlərini bərpa edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, İlk mərhələdə əsas diqqət minalardan təmizlənmə işlərinə yönəldildi: "Bu, həm təhlükəsizlik, həm də ekoloji bərpa baxımından həyati əhəmiyyət daşıyır. Minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Minatəmizləmə prosesi ilə paralel olaraq yollar, körpülər, kommunikasiya xətləri, enerji və su infrastrukturu qurulur. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu istiqamətə 4 milyard manat nəzərdə tutulub. Növbəti ilin dövlət büdcəsindən 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Ümumilikdə, “Böyük Qayıdış” proqramının icra olunmasına başlanmasından 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 26 milyarda yaxın vəsait sərf olunacaqdır.
Bütün bunlar bərpa və inkişaf proseslərinin praktiki nəticələrini göstərməklə yanaşı, dövlətimizin başçısının bu ərazilərin bərpasına yönələn siyasətinin ardıcıllığını və bu istiqamətə olan yüksək diqqətini əks etdirir. Bu gün Qarabağda qurulan hər yeni şəhər, quraşdırılan hər günəş paneli, təmizlənən hər hektar torpaq — gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və davamlı bir həyatın təməlini qoyur. Qarabağ və Şərqi Zəngəzur artıq dağıntı və fəlakət simvolu deyil, yaşıl dirçəlişin, innovasiyanın və sülhün rəmzinə çevrilir. 3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Yaponiyanın “TEPSCO” şirkəti ilə müqavilə imzalanmaqla “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanıb. Hazırda bu ərazilərdə Konsepsiyanın prinsipləri tətbiq edilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr nəticəsində işğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir. Azərbaycan COP30-da ambisiyalı yeni iqlim hədəfləri qoyaraq, öz öhdəliklərini artırıb. COP30-da iqlim sazişlərinə və istixana qazlarının emissiyasının azaldılmasına dair yeni milli müəyyən olunmuş məqsədlərini (NDC) təqdim edib. Əvvəlki hədəfdən fərqli olaraq, artıq 2035-ci ilədək 40% emissiyalarımızı azaltmağı hədəfləyirik. Bu, əvvəlki 2050-ci ilə hədəfini 15 il qabağa çəkib.
Əsas məqsəd ölkəni regional yaşıl enerji liderinə çevirmək və iqtisadiyyatı dekarbonizasiya etməkdir. Azərbaycan 4 yaşıl enerji dəhlizi və 3 yaşıl enerji zonası daxil olmaqla, yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə onlarla layihə həyata keçirir ki, bu da ölkəmizi regionun enerji “hub”-na çevirib. Ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda 2050-ci ilə qədər “sıfır” emissiya hədəfini qarşıya qoyması onun beynəlxalq öhdəliklərə sadiqliyinin və “təmiz enerji” sahəsinə inteqrasiya olunaraq, dayanıqlı iqtisadi inkişaf modelinə köklənməsinin daha bir göstəricisidir.
Azərbaycanın Zəngilan rayonunda yerləşən Ağalı kəndi, işğaldan sonra həyata keçirilən bərpa və innovasiya siyasətinin ən parlaq nümunəsidir. Uzun illər viran qalmış kənd indi tamamilə yeni konsepsiya ilə – “ağıllı kənd” modeli əsasında yenidən qurulub. Kənddə müasir yaşayış binaları, məktəb, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, tikiş fabriki, kənd təsərrüfatı ofisləri və ictimai xidmət mərkəzləri inşa olunub. Hər bina enerjiyə qənaət edən texnologiyalar, günəş batareyaları, izolyasiya sistemləri və rəqəmsal idarəetmə avadanlıqları ilə təchiz edilib. Ağalı kəndində tətbiq olunan “ağıllı idarəetmə sistemi” su, enerji və yol infrastrukturlarının “ağıllı bulud platforması”na inteqrasiyasına imkan verir. Sakinlər fiber-optik internet, onlayn tibbi məsləhət xidmətləri və elektron idarəetmə sistemləri vasitəsilə daha səmərəli və rahat həyat tərzi sürürlər. Bu layihə həm kənd həyatının müasir standartlara uyğunlaşdırılması, həm də ekoloji dayanıqlı yaşayış modelinin təbliği baxımından strateji əhəmiyyət daşıyır. Bu konsepsiya ən yaxşı nümunədir. Ölkəmiz növbəti il WUF13 tədbirinə evsahibliyi edəcək. Burada təqdim olunacaq “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələr, yerli təcrübə və innovativ yanaşmalar xarici ölkələr və forum iştirakçıları üçün nümunə ola bilər.
İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 14 əsas çay mövcuddur. Hazırda bu çay hövzələrində avtomatik suölçmə cihazları quraşdırılır. Eyni zamanda, Həkəri və Bərgüşad çayları üzərində iki yeni su anbarının tikintisi planlaşdırılır. Bu layihələr həm yeni salınacaq şəhərlərin – Ağdam, Füzuli, Cəbrayıl – əhalisinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının suvarma sistemlərinin bərpasında mühüm rol oynayacaq. Su resurslarının səmərəli idarə edilməsi bölgədə ekoloji tarazlığın bərpası üçün vacib amildir.
Beş il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilərlə bağlı 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlinin qoyulmasına və 167 obyektin, o cümlədən infrastruktur layihələrinin açılışına qatılıb. Bildirilib ki, “Böyük Qayıdış”ın inteqrasiyalı yanaşma əsasında həyata keçirilməsi artıq real nəticələr verməkdədir. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı və 3 şəhərin Müfəssəl planı təsdiqlənib. Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları isə hazırda işlənmə mərhələsindədir. Qarabağ və Şərqi Zəngəzurda dövlət qurumları və yerli şirkətlərin həyata keçirdiyi minatəmizləmə işləri nəticəsində 240 mindən çox hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bölgədə üç beynəlxalq hava limanı istifadəyə verilib. Ümumi uzunluğu 3501,6 kilometr nəzərdə tutulan avtomobil yolları üzrə planlaşdırılan 60 layihədən 16-sı tam, 1-i isə qismən icra olunub.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib. Avtomobil yolları üzərində nəzərdə tutulmuş 28 tuneldə qazma işləri tamamlanıb, 392 körpü və 9 viadukun tikintisi başa çatdırılıb. Dəmir yolu infrastrukturuna daxil olan 49 körpüdən 42-nin inşası yekunlaşıb, onların 3-ü istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı və 14 elektrik yarımstansiyası fəaliyyətə başlayıb. Bölgədə 6 magistral qaz xətti çəkilib, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri tamamlanıb və 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qaz verilməsi təmin edilib.
Ərazidə sosial infrastrukturun bərpası çərçivəsində 1 xəstəxana, 19 ümumi təhsil müəssisəsi və 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb. İqtisadi canlanmanın əsas dayaqlarından biri olan Ağdam və Cəbrayıl rayonlarında “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələr üzrə 185 milyon manat investisiya qoyulub və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyət göstərən rezident müəssisələr ümumilikdə 949,4 milyon manatlıq məhsul istehsal edib, Ağdam Sənaye Parkında istehsal olunan məhsulların 39,5 milyon manatlıq hissəsi isə ixrac olunub. Görülən genişmiqyaslı işlərin nəticəsi olaraq, bu gün işğaldan azad edilmiş ərazilərdə dövlət və özəl sektorda çalışanlar, eləcə də təhsil alanlar da daxil olmaqla, 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir".