Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.Rəsulzadə küçəsi 31 ünvanında "Ağdaş Bazar” ASC-yə məxsus bazarda planlı yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı bazarda etiket məlumatları olmayan şor, süd, pendir, qatıq, turşu, mürəbbə və bal məhsullarının satışa çıxarıldığı, süd və süd məhsullarının müvafiq müşayiətedici sənədlərinin olmadığı məlum olub.
Həmçinin ət və süd məhsullarının temperatur rejiminə riayət edilmədən açıq hava şəraitində saxlanıldığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərinə yığıldığı, qida ilə təmasda olan səthlərin təmirsizliyi müəyyən edilib. Bundan əlavə, asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan hazırlanmadığı, yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan şəxslərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunaraq bazar rəhbəri inzibati məsuliyyətə cəlb edilib, etiket məlumatları olmayan qida məhsullarının satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.