"Azərbaycan və Gürcüstan əməkdaşlığı nümunəvi bir tərəfdaşlıq modeli kimi qalacaq" - ŞƏRH EDİLDİ

5 Dekabr 2025 15:54 (UTC+04:00)

"Azərbaycan və Gürcüstan tarix boyunca həm yerləşdikləri region, həm də mədəni bağlar baxımından bir-birinə sıx bağlı olan iki dost və qonşu ölkə kimi tanınıb. Qədim dövrlərdən bu günə qədər hər iki xalq arasında qarşılıqlı hörmət, səmimi münasibətlər və mehriban qonşuluq ənənələri formalaşıb. Bu gün isə həmin münasibətlər daha da möhkəmlənərək siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığa çevrilib. Müstəqillik dövründə Azərbaycan–Gürcüstan münasibətləri regionda sülh, təhlükəsizlik və inkişaf üçün mühüm strateji tərəfdaşlıq modelinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Gürcüstanın uzun illərdir Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi iki ölkə arasında güclü siyasi etimadın göstəricisidir:

"Eyni zamanda Azərbaycan da Gürcüstanla bağlı məsələlərdə prinsipial mövqeyini daim nümayiş etdirir və bu qarşılıqlı dəstək münasibətlərin sabit əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir. Bu gün enerji, nəqliyyat-tranzit, ticarət, turizm, təhsil və digər çoxsaylı sahələrdə əməkdaşlıq intensiv şəkildə davam edir və regionun inkişafında hər iki ölkənin rolunu daha da artırır. Mediya isə müasir dövrdə “dördüncü hakimiyyət” kimi tanınmaqla cəmiyyətin maarifləndirilməsi, informasiya təhlükəsizliyi, ictimai rəyin formalaşdırılması və dövlətlərarası münasibətlərin düzgün təqdim olunmasında əvəzedilməz funksiyaya malikdir. Bu səbəbdən Azərbaycan və Gürcüstan media qurumlarının əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Jurnalistlərin qarşılıqlı səfərləri, birgə layihələr, təcrübə mübadiləsi və məlumat axınının şəffaf şəkildə təşkili hər iki xalqın bir-birini daha yaxşı tanımasına, obyektiv informasiyanın yayılmasına və stereotiplərin aradan qalxmasına xidmət edir.

Bu əməkdaşlıq təkcə iki ölkə arasında informasiya mübadiləsini genişləndirmir, həm də Cənubi Qafqaz regionu ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan və Gürcüstan media nümayəndələrinin birgə fəaliyyəti regionda baş verən proseslərin daha doğru və faktlara əsaslanan şəkildə təqdim edilməsinə, dezinformasiyaya qarşı effektiv mübarizəyə və ümumi informasiya məkanının sağlamlaşdırılmasına töhfə verir.

Belə forumların və görüşlərin keçirilməsi əməkdaşlığın dərinləşməsi baxımından xüsusi önəm daşıyır. Bu cür platformalar həm media təmsilçiləri, həm də ekspertlər üçün təcrübə mübadiləsi imkanı yaradır, yeni layihələrin əsasını qoyur və iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Əminliklə demək olar ki, digər sahələrdə olduğu kimi, mediada da Azərbaycan və Gürcüstan əməkdaşlığı davamlı olaraq genişlənəcək, qarşılıqlı dəstək və anlaşma prinsipləri əsasında inkişaf edəcək və region üçün nümunəvi bir tərəfdaşlıq modeli kimi qalacaq".