"Rusiya-Ukrayna münaqişəsi elə bir həddə çatıb ki, artıq qarşıdakı mərhələdə nələrin baş verəcəyini planlamaq çox çətin olur. Hətta bu həm Rusiya, həm də Ukrayna tərəfindən belədir. Yəni döyüş meydanında nələrin baş verəcəyini hələ ki, nə özləri bilir, nə də kənar qüvvələr". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Rusiya sülhlə bağlı addımlar atmaq istəyir, amma nəticəsi olmur:
"Bunun da səbəbi ondan ibarətdir ki, tərəflər bir-biri ilə danışmaq istəmir. Rusiya zahirən deyir ki, bəli, biz sülh istəyirik və s., amma faktiki olaraq Ukrayna prezidentini qeyri-legitim hesab edir və bildirir ki, əvvəlcə seçki olmalıdır, sonra danışıq aparıla bilər. Bu isə faktiki olaraq danışıqlar prosesinin uzanması ehtimalını yaradır və müharibənin davam etməsinə zəmin yaradır.
Ukrayna isə mövcud vəziyyətlə bağlı olaraq seçki keçirmir və deyir ki, biz ərazilərimizi qaytarmalıyıq, nə olursa olsun, hansı vasitə olursa olsun. Mövcud vəziyyətdə, tərəflərə hər nə qədər təzyiqlər olsa da, onları danışıqlar masasına dəvət etsələr də, görünür ki, nə Rusiya, nə də Ukrayna bunu istəmir. Əslində, belə baxanda, digər tərəflər də çox maraqlı görünmür. Çünki nə qədər müharibə davam edirsə, bir o qədər silah satışı artır və həm Rusiya, həm də Ukrayna müəyyən dairələrdən asılı vəziyyətə düşür. Rusiya daha çox Çindən asılı vəziyyətə düşdüyü halda, Ukrayna isə ABŞ və Avropadan asılı vəziyyətə düşür. Bunlar olduğu təqdirdə, təbii ki, münaqişənin bitməsi və sülhün bərqərar olmasından danışmaq hələ ki, real görünmür. Yəni sülhün olması üçün iki variant var: ya tərəflərdən biri tam məğlub olmalı və şərtləri qəbul etməlidir, ya da tərəflərin hər ikisi konsensusa gəlib sülhə razı olmalıdır. Hələ ki, bu iki variantdan heç biri görünmürsə, deməli, sülh məsələsində reallıq hələ ki, bir az uzaqdır".