Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları üçün təxliyə mövzusunda maarifləndirici təlim təşkil edilib. Təlimin məqsədi fövqəladə vəziyyətlər zamanı operativ və düzgün davranış qaydalarının aşılanması, eləcə də idarə əməkdaşlarının təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması olub. SİA xəbər verir ki, iki mərhələdən ibarət proqramın ilk hissəsində fövqəladə hallar və yanğın təhlükəsizliyi ilə bağlı əsas tələblər, təxliyə prosesinin düzgün təşkili, mühafizə olunan ərazidə risklərin qiymətləndirilməsi və ilkin davranış prinsipləri barədə ətraflı nəzəri məlumatlar təqdim edilib.
Təlimin praktiki hissəsi idarənin ikinci inzibati binasında real vəziyyət simulyasiyası əsasında keçirilib. Təlimatçılar tərəfindən yaradılmış təxliyə ssenarisi üzrə əməkdaşlar binanı təhlükəsiz şəkildə tərk etmə ardıcıllığını, təxliyə yollarının düzgün qiymətləndirilməsini, həmçinin fövqəladə hal şəraitində düzgün davranış bacarıqlarını təcrübədə sınayıblar. Məşq, iştirakçılara fövqəladə vəziyyətlər zamanı həm şəxsi, həm də kollektiv təhlükəsizliyi təmin etməyin praktiki tərəflərini öyrənmək imkanı yaradıb.
Qeyd edək ki, belə maarifləndirici proqramların yalnız qurum əməkdaşları üçün deyil, gələcəkdə İçərişəhər sakinləri və ərazidə fəaliyyət göstərən biznes subyektləri üçün də mütəmadi olaraq təşkili planlaşdırılır