"ABŞ və Çin liderlik uğrunda mübarizə aparır" - DEPUTAT DANIŞDI

5 Dekabr 2025 15:11 (UTC+04:00)

"ABŞ və Çinin dünya liderliyi uğrunda mübarizəsi artıq həlledici mərhələyə daxil olur. Bu sərt mübarizədə kimin qalib gələcəyini əvvəlcədən demək çətindir. Qərb və Çin sivilizasiyaları bir-birinə yad dəyərlər daşıyırlar. Bəlli olduğu kimi, Çin iqtisadiyyatı ixrac yönümlü iqtisadiyyatdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu, “səmavi dövlət”in ən zəif yeridir: "ABŞ dövləti Çinin əsas ixrac bazarlarındakı mövqelərini zəiflətməyə cəhd edir. Dünyada baş verən güc savaşlarının əsas səbəblərindən biri də budur.

ABŞ və Çin artıq barışmaz rəqiblərə çevrilir. Rusiya Federasiyasına “ikili təyinatlı mallar” tədarükünə görə bəzi Çin müəssisələrinə qarşı sanksiyalar artıq qüvvədədir.

O biri tərəfdən, ABŞ dünyanın texnoloji baxımdan ən güclü iqtisadiyyatına malikdir və bu ölkənin şirkətləri texnoloji inkişafda öndədirlər. Xüsusilə kompüterdə, əczaçılıqda və tibbdə, aerokosmik sənaye və hərbi texnikada da ilk sıralardadır. ABŞ iqtisadiyyatı dünyanın ən çoxşaxəli milli iqtisadiyyatıdır və demək olar ki, son 100 ildə qlobal iqtisadiyyatda liderliyini qoruyub saxlayır. Hələlik, bu iki nəhəng bir-birinə qarşı güc nümayiş etdirir.

Bu rəqabətdə kimin qalib gələcəyi hələ məlum olmasa da, düşünürəm ki, baş verəcək hadisələrin gərginliyi qlobal iqtisadiyyata ciddi təsir etməz".