""Gündə 3 litr su içmək lazımdır" qaydası məşhur olsa da, elmi baxımdan hamı üçün keçərli bir norma deyil". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1).jpg)
Onun sözlərinə görə, su ehtiyacı fərdidir və üç əsas faktordan asılıdır. Bədən çəkisi, hava temperaturu və fiziki aktivlik bunlardandır: "Hər kilo üçün təxminən 30–35 ml su ehtiyacı var. İsti havalarda tər çoxalır, su ehtiyacı artır. Soyuq havalarda isə əksinə, su ehtiyacı bir qədər azalır. İdman edən və tərləyən birinin suya tələbatı gündə 1–1,5 litr qədər arta bilər.
Hamının gündə mütləq 3 litr su içməsi düzgün deyil. Aşağı bədən çəkisində zərərli ola bilər. Məsələn, 45–55 kq çəkisi olan bir qadın üçün 3 litr artıq yük yarada bilər. Həmçinin, böyrəklərə həddindən artıq yük düşə bilər. Həddindən artıq su natrium səviyyəsinin azalmasına, halsızlığa və başgicəllənməyə səbəb olur.
Bəs necə bilək ki, suyu yetərincə içirik? Ən təhlükəsiz və dəqiq göstərici sidiyin rəngidir; rəngi açıq saman rəngi olmalıdır. Tünd sarı az içdiyinizin, tam şəffaf rəng isə bəlkə də həddindən artıq içdiyinizin göstəricisidir. Ağız quruluğu olmamalıdır. Baş ağrısı azalır və enerji səviyyəsi stabil olur.
“Gündə 3 litr iç” qaydası hamı üçün elmi standart deyil. Su ehtiyacı fərdi olaraq hesablanmalıdır və gündə 1,5–2,5 litr su bədən çəkisindən və şəraitdən asılı olaraq dəyişir".