Horovlu kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub - FOTOLAR

5 Dekabr 2025 15:06 (UTC+04:00)

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 150 ailə olmaqla 607 nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.