“Azərbaycan enerji sektorunda ənənəvi sahələrlə yanaşı, innovativ və müasir istiqamətlərin inkişafını da prioritet sayır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, son illərdə ölkə regionda yaşıl enerji sahəsinə ən çox investisiya cəlb edən dövlətlərdən biri kimi fərqlənir və bu istiqamətə artıq 1 milyard dollardan çox sərmayə yönəldilib:
“Hökumətin qəbul etdiyi inkişaf proqramları, eləcə də müvafiq qurumların dəstəyi yaşıl enerji layihələrinin maliyyələşdirilməsini davamlı edir. Qarabağ və Şərqi Zəngəzur isə xüsusi “yaşıl enerji zonası” kimi formalaşdırılır və bu bölgədə layihələr sürətlə həyata keçirilir.
Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə də qlobal enerji siyasətində önəmli oyunçu olduğunu göstərir. Ölkə qarşısına iki əsas hədəf qoyub. Birincisi 2030-cu ilədək enerji istehsalında bərpa olunan mənbələrin payını 35%-ə yüksəltmək, ikincisi isə karbon emissiyalarını 40%-ə qədər azaltmaqdır.
Bu strategiya nəticəsində Azərbaycan təkcə enerji istehlakçısı deyil, həm də Avropaya yaşıl enerji ixrac edən mühüm tərəfdaş kimi mövqeyini gücləndirməyi planlaşdırır. 2027-ci ildən etibarən Gürcüstan və Qara dəniz marşrutu vasitəsilə əsasən Şərqi Avropaya elektrik enerjisi çatdırılması nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Birgə layihələr çərçivəsində “ağıllı şəhər” konsepsiyası və bərpa olunan enerji investisiyaları həyata keçirilir. Bu əməkdaşlıq Azərbaycanı regionda ən çox yaşıl enerji sərmayəsi qəbul edən ölkələrdən birinə çevirir və üçtərəfli tərəfdaşlıq üçün yeni imkanlar açır”.
Günay Hacıyeva