"Təkcə Azərbaycanda yox, dünyanın heç bir yerində iqlim dəyişikliyindən tam sığortalanmış bir yer yoxdur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, yəni “Azərbaycanda iqlim dəyişikliyi bu rayona çox təsir edəcək, o birinə az təsir edəcək” demək düzgün olmaz: "Qorunmaq üçün mümkün qədər qənaətcil olmalıyıq, ətraf mühiti qorumalıyıq, yaşıllıqların artırılmasına, yaşıllıq zolaqlarının genişləndirilməsinə diqqət yetirməliyik. Plastik əşyalardan az istifadə etməli və onları tullantıya çevirməməliyik. Dənizimizi, meşələrimizi, su ehtiyatlarımızı qorumalı, suya qənaət etməliyik və s.
Əks halda, iqlim dəyişikliyi Azərbaycandan yan keçməyəcək — artıq təsirini göstərir. Quraqlıq, yağıntıların azalması, ya da mövsümi yağıntıların vaxtının dəyişməsi kimi halları görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, suyun geri çəkilməsi də bu təsirlərin bariz nümunəsidir.
Əgər tədbir görməsək, sabah səhra zonalarının yaranması və digər ciddi ekoloji fəsadlar mümkündür. Bunun qarşısını almaq üçün təbiətə, ekosistemlərə zərər verməməli, son dərəcə ehtiyatlı və məsuliyyətli olmalıyıq".