Heç bir cinayət cəzasız qalmır. Gec-tez cinayəti törədən layiq olduğu cəzanı alır. Əsaslı olaraq deyilib: "Bu dünyanın cəzası o dünyaya qalmaz". Müdrik kəlamın təsdiqini misal olaraq, ölkəmizdə və dünyanın müxtəlif dövlətlərində törədilmiş cinayətlərin məhkəmə qaydasında baxılması və cinayətkarların cəzalandırılmasını göstərmək olar. Erməni hərbi cinayətkarları 30 il işğal edilmiş Azərbaycan torpaqlarında sərbəst dolaşdılar, meydan suladılar, nəhayət, 23 saat 44 dəqiqə çəkən lokal xarakterli əməliyyatlarla onların böyük əksəriyyəti həbs olunaraq istintaq orqanlarına təhvil verildilər. Hazırda onların Bakı Hərbi Məhkəməsində məhkəmələri keçirilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 4-də davam etdirilib. Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir. Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Dekabrın 4-də Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub .İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Məhkəmə iclası təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları ilə davam etdirilib. Təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli çıxışında deyib ki, məhkəmənin vəzifəsi yalnız ittiham aktında göstərilən məsələləri yoxlamaq deyil, həm də ədalət prinsipini, qanunların aliliyini və təqsirsizlik prezumpsiyasını təmin etməkdir. Mövcud qanunvericiliyin, eyni zamanda, Cinayət Məcəlləsinin tələbinə əsasən hökm yalnız şübhəsiz və qəti sübutlar əsasında çıxarılmalıdır.
Təqsirləndirilən Levon Balayanın müdafiəçisi Vəfa Mehdiyeva çıxışında vəkili olduğu şəxsin ifadəsinə istinadla deyib ki, o, 1995-1998-ci illərdə Şuşada, Xankəndidə və Xocalıda yerləşən nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib. Bu müddətdə ona "AKS 74" konstruksiyalı avtomat silah təhkim olunub.
Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi Nizami Əliyev deyib ki, hüquqlarını qoruduğu şəxs özünü elan olunan ittihamlarda təqsirli bilmir. O bildirib ki, D.Allahverdiyana qarşı irəli sürülmüş sübutlar əsassızdır və mötəbər deyil. Onun digər vəkili Elməddin Məmmədov da özündən əvvəl çıxış etmiş müdafiəçinin çıxışında göstərilən xüsusatlarla razılaşdığını deyib.
Ədalətli mühakimə davam edir
Təqsirləndirilən Erik Qazaryanın müdafiəçisi Natiq Mustafayev çıxışında hüquqlarını qoruduğu şəxsin özünü təqsirli bilmədiyini, silahını təhvil verərək Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə könüllü təslim olduğunu bildirib. Melikset Paşayanın müdafiəçisi Elnaz Səmədova hüquqlarını qoruduğu şəxsin heç bir aktiv döyüşdə iştirak etmədiyini söyləyib. Vəkil deyib ki, M.Paşayana elan edilmiş ittihamlar öz təsdiqini tapmır, bu səbəbdən də ona bəraət verilməlidir. Təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçiləri Oqtay Mədətov və Xəyyam Əsgərov hüquqlarını qoruduqları şəxsin özünü təqsirli bilmədiyini deyərək, onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş ediblər. Təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi Nigar Mirbabayeva deyib ki, hüquqlarını qoruduğu şəxs arxa cəbhədə xidmət edib, mülki şəxs kimi çalışıb və onun vəzifələrinə ərzaq və geyimin paylanması, dərmanların təminatının təşkili daxil olub. Vəkil bildirib ki, onun təcavüzkar müharibənin planlaşdırılmasında iştirakı olmayıb, mülki əhaliyə qarşı əməliyyatlarda iştirak etməyib, fəaliyyəti əsasən humanitar xarakter daşıyıb. N.Mirbabayeva söyləyib ki, B.Sahakyanın hərəkətləri qanuni vəzifələrinin sərhədlərini aşmayıb və heç bir cinayəti törətmək məqsədi daşımayıb. Vəkil bildirib: "Bu şəxs cinayətkar deyil, faciəli bir dövrün canlı şahididir".
O deyib ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.3-cü və 42.2.4-cü maddələrinə əsasən, ittihamın təqdim etdiyi dəlillər Bako Sahakyanın təqsirini sübuta yetirmək üçün kifayət qədər əsas vermir.B.Sahakyanın digər vəkili Gülarə İsmayılova müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən Qarik Martirosyanın müdafiəçisi Rəşadət Axundov deyib ki, hüquqlarını qoruduğu şəxs ifadəsində özünü təqsirli bilməyib. Vəkil bildirib ki, Q.Martirosyanı cinayətkar birliklə bağlayan dəlillər müəyyən edilməyib. O, "hərbi hissədə" sıravi əsgər kimi xidmət edib, sonradan aylıq ödəniş müqabilində posta çıxıb. Müdafiəçi Q.Martirosyan barəsində ədalətli hökm çıxarmağı məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyanın müdafiəçisi Cavid Rzazadə çıxışında hüquqlarını qoruduğu şəxsə qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıb.Müdafiəçi 2020-ci ildə 44 günlük müharibə dövründə Gəncənin raketlərlə vurulmasından da danışıb. Bildirib ki, müvafiq qərarları (Gəncənin və digər şəhərlərin raket atəşinə tutulmasını – red.) təqsirləndirilən şəxs verməyib, həmin raketlərin Ermənistan rəhbərliyinin əmri ilə həmin ölkənin ərazisindən atıldığı həm istintaq materiallarından, həm də işin faktiki hallarından birmənalı şəkildə məlum olur. Vəkil qondarma rejimin "ordusu"nun Ermənistan silahlı qüvvələrinə tabe olduğunu və bu faktın ittiham tərəfindən təkzib edilmədiyini, həmçinin uzaqmənzilli raketlərin vaxtilə işğal edilmiş ərazilərdə deyil, Ermənistanda olduğunu bildirib.A.Harutyunyanın digər vəkili Anar Məmmədov çıxışında deyib ki, müdafiə etdiyi şəxsə qarşı elan olunan ittihamlar sübut olunmayıb.
Yəni vəkillər öz müdafiə fəaliyyətlərinə uyğun olaraq təqsirləndirilən şəxslər haqqında xoş olmayan çıxışlar etdilər. Nədən ki, bu, onların işidir. İttiham tərəfi və hakim heyəti isə ədalətli qərara verəcəkləri şübhəsizdir. Yaddan çıxartmaq olmaz ki, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori və Paşayan Melikset Vladimiri ötən əsrin 88-ci illərindən başlayaraq azərbaycanlıları öldürmək, torpaqlarını zəbt etmək üçün geniş miqyaslı terror aktları həyata keçirməyə başlamışdır. Erməni silahlı quldur dəstələri 1989-cu ildən başlayaraq mütəmadi olaraq Xocavənd rayonunun Qaradağlı kəndini ağır texnikalardan, qumbara atanlardan, pulemyotlardan və digər odlu silahlardan atəş açaraq kənddə yaşayan əhalini mütəmadi olaraq qorxu və həyəcan içərisində saxlamış, evlər yandırılmış və kənddə yaşamaq mümkün olmadığına görə həmin dövrdən başlayaraq 1992-ci ilin fevral ayının 14-nə kimi 889 nəfər kənd sakini öz yaşadıqları evlərdən zorla deportasiya olunmuşdur. 11 fevral 1992-ci il tarixdə erməni silahlı dəstələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin top, raket, pulemyot, avtomat silahlardan və zirehli texnikalardan atəşə tutulması nəticəsində dinc sakinlərdən 10 nəfəri (6-sı Malıbəyli, 4-cü Quşçular) qətlə yetirilmiş, 5 nəfəri (2-si Malıbəyli, 3-ü Quşçular) kəndi tərk edə bilməyib xəbərsiz itkin düşmüş, 45 nəfəri (25 nəfəri Malıbəyli, 20 nəfəri Quşçular) yaşadıqları kəndlərdən çıxaraq piyada Ağdam rayonu Abdal-Gülablı istiqamətində gedərkən erməni silahlıları tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq ağır dərəcəli bədən xəsarətləri almış, 9 nəfər (3-ü Malıbəyli, 6-sı Quşçular) kənd sakini isə ermənilər tərəfindən girov götürülərək işgəncələrə məruz qaldıqdan sonra müxtəlif vaxtlarda azad olunmuş və onlara verilmiş işgəncələr nəticəsində almış olduqları xəsarətlərin təsirindən vəfat etmişdir. Erməni terrorçu hərbi birləşmələrinin işğal nəticəsində Malıbəyli kəndinin 2223 nəfər, Quşçular kəndinin isə 844 nəfər azərbaycanlılardan ibarət əhalisi deportasiyaya məruz qalmış, Quşçular və Malıbəyli kəndlərinə (o zaman mövcud olmuş məzənnə ilə) 35 mlrd 195 mln 478 min 249 manat ziyan dəymişdir.
Törədilən bəşəri cinayətlər
14-17 fevral 1992-ci il tarixdə erməni silahlı quldurlarının Xocavənd rayonunun Qaradağlı kəndini silahlı basqın zamanı 104 nəfər girov götürülmüş, 67 nəfər Qaradağlı kənd sakini, o cümlədən, 9 nəfər azyaşlı uşaq, 10 nəfər qadın, 14 nəfər 60 yaşdan yuxarı kişilər, 34 nəfər gənclər öldürülmüş, 5 nəfər itkin düşmüş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, kəndi işğal edərkən 200-dən artıq fərdi yaşayış evləri, 1 mədəniyyət evi, 2 kitabxana binası, 1 məktəb binası, 1 xəstəxana binası, bir tarixi abidə, digər dövlət obyektləri, habelə 250 hektar meşə zolağı yandırılaraq, dövlətə və əhaliyə 60.666.000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.
Qəbul edilən qərarlara və yuxanda qeyd olunan prinsiplərə əsasən, demək olar ki, ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalmın Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalınm Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalınm Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. Beynəlxalq qanlara əsasən Xocalıda qətliamlar törətmiş Sarkisyanın, Koçaryanın, Ohanyanın və digər vəhşilərin məhkəmə qarşısına çıxarılaraq cəzalandırılması ədalətin qismən də olsa bərpası demək olar. İngilis jurnalisti Tomas de Val "Qarabağ" kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: "Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq".
"Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya
BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A saylı qətnamə ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir: - belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; - hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; - belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; - uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv soyqırımı cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarır: - məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı; - belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması. Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; - niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. İlk dəfə olaraq, kütləvi insan qətliamlarının soyqırımı sayılması təklifini 1933-cü ildə yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin İspaniyada keçirilən cəza hüququnun eyniləşdirilməsinə dair V beynəlxalq konfransda irəli sürmüş və uzun müzakirələrdən sonra təklifini qəbul etdirə bilmişdir. Sonradan, yəni müharibənin Almaniyanın məğlubiyyəti ilə başa çatmasından sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasistləri "insanlıq əleyhinə cinayətlərin" törədilməsi barədə qərar qəbul etdi. Qərarda "genosid" sözü ittihamnamə aktma daxil edildi. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir. İndiyədək dünyanın 153 ölkəsi bu Konvensiyanı ratifikasiya etmişdir.
Azərbaycan 44 günlük Vətən Müharibəsi və daha sonra 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyat tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Hər yerdə quruculuq, bərpa tikinti işləri həyata keçirilir. Görülən fundamental təmir, bərpa, quruculuq işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bununla Azərbaycan öz amalının, məqsəd və məramının quruculuq, abadlıq, həm də sülhə və təhlükəsizliyə töfhə vermək olduğunu nümayiş etdirir. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin müdrikliklə, uzaqgörənliklə davam etdirdiyi bu siyasət, Azərbaycan dövləti və xalqı yaşadıqca dəyişməyəcək.
İLHAM ƏLİYEV