“Bu gün ölkəmizdə növbəti dəfə “Yaradıcı Həftə”ni keçiririk. Bu bizim üçün böyük sevinc və qürur mənbəyidir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu ilki Yaradıcı Sənayelər Həftəsi, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı çərçivəsində və onunla əməkdaşlıqda keçirilir. Bu həm ölkəmiz, həm də İslam dünyası üçün əhəmiyyətli hadisədir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.
O bildirib ki, əldə edilən bu əməkdaşlıq, tədbirin miqyasının genişlənməsinə, regionda və İƏT-ə üzv ölkələrdə daha böyük maraqla qarşılanmasına səbəb olmuşdur: “Bu isə, bizim üçün sadəcə bir imkan deyil, eyni zamanda böyük bir məsuliyyətdir.
Bu fürsətdən istifadə edərək, ölkəmizdə fəaliyyət göstərən yaradıcı şəxsləri, şirkətləri, təsisatları və müəssisələri daha aktiv olmağa, bu sahədə daha çox təşəbbüslə çıxış etməyə çağırırıq. Çünki bu həftə bir çox maraqlı hadisələr, layihələr, tədbirlər və innovativ ideyalar ilə doludur. Bu, yeni ümidlərin formalaşdığı bir mərhələdir”.
Günay Hacıyeva