Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub - Əhməd İsmayılov

5 Dekabr 2025 10:59 (UTC+04:00)

Azərbaycan mətbuatı və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub. Bu gün Azərbaycan mediası həm tarixi irsinə sadiq qalaraq, həm də qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab edir.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan – Gürcüstan Media Forumunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, hər iki ölkə ilk dəfədir birlikdə media forum keçirir: “Hesab edirik ki, bu, tarixdən güc alan əməkdaşlığımızın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından ölkələrimizin media mühitinə ciddi töhfə verəcək”.

İcraçı direktor deyib ki, forum ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusuna həsr olunub: “Məlumdur ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu dəyişikliklər həm dövlətlər, həm də cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır. Bu baxımdan, forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür”.