“Azərbaycan ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalına ev sahibliyi edir“ - Nazir müavini

5 Dekabr 2025 10:49 (UTC+04:00)

“Bu il ölkəmiz ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalına ev sahibliyi edir. 5–11 dekabr tarixlərini əhatə edən bu festival təkcə bir mədəniyyət bayramı deyil, həm də yaradıcı sənayelərin inkişafı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mədəni diplomatiyanın təbliği baxımından böyük önəm daşıyır”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

O bildirib ki, festival çərçivəsində Azərbaycan multikulturalizm dəyərlərini, mədəniyyətlərarası dialoq ruhunu və sülh mesajını beynəlxalq auditoriyaya təqdim edəcək.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 300-dən çox rəsmi nümayəndənin iştirakı gözlənilir ki, bu da festivalın qlobal əhəmiyyətini və beynəlxalq marağını təsdiqləyir.

Günay Hacıyeva