Britaniya Rusiya aktivlərini Ukraynaya köçürməyə hazırdır

5 Dekabr 2025 07:26 (UTC+04:00)

Britaniya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən 8 milyard funt-sterlinqi (10,6 milyard dollar) Ukraynaya köçürməyə hazırdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti kabinetdəki mənbəyə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniya “təzminat krediti” adlandırılan mexanizmlə bağlı Qərb ölkələri arasında vahid mövqenin formalaşdırılmasına ümid edir. Qəzet əlavə edir ki, London Rusiya aktivlərinin Ukraynaya ötürülməsi üçün onların müsadirə edilməsinə dair hələlik konkret hüquqi mexanizm hazırlamayıb.

Avropa Komissiyası bundan əvvəl 2026–2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsi məqsədilə Avropadakı bütün dondurulmuş Rusiya aktivlərinin – ümumilikdə 210 milyard avro həcmində – “təzminat krediti” adı altında ekspropriasiyası planını təqdim etmişdi. Komissiya, həmçinin Aİ üzvü olmayan Qərb ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıb.