"Əsas çirklənmə mənbəyi nəqliyyat və karxanalardır" - EKOLOQ DANIŞDI

4 Dekabr 2025 20:59 (UTC+04:00)

"Bakıda hava çirkliliyi demək olar ki, orta səviyyədədir və Hava Keyfiyyəti İndeksi (AQI) təxminən 70-dir. Hava Keyfiyyəti İndeksi (AQI): Hazırda Bakı üçün bu göstərici 70-dir ki, bu da orta səviyyəli çirklənməyə uyğundur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, çirklənmənin əsas səbəblərinə gəldikdə isə bu ilk növbədə əlbətdəki digər ölkələrdən idxal edilən köhnə avtomobillər və matorlu nəqliyyat vasitələridir: "Nəzərə alsaq ki, şəhərdə heç bir ciddi sənaye müəssisəsi yoxdur, şəhərin havasının çirklənməsinə təsir edən çirklənmə mənbələri isə şəhərin yaxınlığında yerləşən karxanalardır. Bu karxanalardan çıxan toz şəhərin hava çirkliliyinə təsir edir.

Təbii ki, Bakının hava çirklənməsinin əsas səbəbi ölkəyə nəzarətsiz gətirilən çox sayda işlənmiş avtomobillər də daxil olmaqla, yüksək nəqliyyat axınıdır. Bakı yaxınlığındakı karxanalar atmosferə atılan və havanın çirklənməsinə səbəb olan toz həm şəhərdə, həm də ətraf yaşayış məntəqələrində havanı çirkləndirir və ciddi şəkildə hiss olunur. Artıq bir neçə dəfə Bakı hava çirkliliyinə görə dünyada bir sıra təşkilatların apardıqları araşdırmalara görə ən çirkli şəhərlər sırasına düşüb. Sonuncu dəfə bu 2023-cü ildə olub. Aparılan bir hesabatda şəhər dünyanın ən çirkli paytaxtları arasında 45-ci yerdə qərarlaşıb. Bu çirklilik əsasən atmosferdəki xırda hissəciklərin (PM2.5 ) sıxlığının ölçülməsi ilə müəyyən edilib və bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarından xeyli yüksəkdir.

Azərbaycanda hava çirkliliyi, 2023-cü il hesabatına görə, 18.8 göstəricisi ilə 134 ölkə və region arasında 52-ci yerdə olub. Bu, əhalinin çirkli hava ilə nəfəs aldığını göstərir ki, bu da sağlamlıq problemləri olanlarda nəfəs almaqda çətinlik çəkməyə, ürək xəstəliklərini pisləşdirməyə və ağciyər funksiyasını pozmağa səbəb ola bilər. Hava keyfiyyəti dinamikdir, müxtəlif məkanlarda hava müxtəlif olur və hava kimi, tez-tez dəyişə bilər".