Pirallahı rayonunda “Yaponiya–Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir keçirilib - FOTOLAR

4 Dekabr 2025 18:43 (UTC+04:00)

Pirallahı rayonunda “Yaponiya–Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya iştirak edib.

Tədbir çərçivəsində Pirallahı qəsəbəsinin girişində, “Pirallahı Sənaye Parkı”nın yaxınlığında ağacəkmə aksiyası keçirilib. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gülqoyma mərasimi keçirilib. Ardınca Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun səfir Vatanabe Katsuya ilə görüşü baş tutub. Görüş zamanı RİH başçısı qonağa rayonun tarixi, coğrafi mövqeyi, adət-ənənələri, mədəni həyatı və əhalinin məşğulluq vəziyyəti barədə məlumat verib, həmçinin rayonda həyata keçirilən layihələr və görülən işlərdən danışıb.

Səfir Vatanabe Katsuya Yaponiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini, Azərbaycanda müşahidə olunan sosial-iqtisadi tərəqqinin onda müsbət təəssürat yaratdığını bildirib və burada olmaqdan məmnunluğunu ifadə edib.

Sonda Pirallahı Gənclər Evində keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yaponiya səfiri Vatanabe Katsuya, millət vəkili Günay Əfəndiyeva, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rəsmi və bədii hissədən ibarət olan tədbir xatirə fotosunun çəkilməsi ilə sona çatıb.