“Müstəqil və güclü Azərbaycan Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir” - ŞƏRH EDİLDİ

4 Dekabr 2025 17:27 (UTC+04:00)

“Azərbaycan tarixində dərin iz buraxan böyük şəxsiyyətlərdən biri Ümummilli Lider Heydər Əliyevdir. 1990-cı illərin əvvəllərində Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə gərə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bir çox bəlalardan və çətinliklərdən xilas oldu:

”Həmin dövrdə ölkə vətəndaş müharibəsi, qarşıdurmalar və daxili xaosla üzləşmişdi. Lakin onun qətiyyətli və uzaqgörən rəhbərliyi nəticəsində bu problemlərin öhdəsindən gələrək ölkədə sabitlik və inkişaf bərpa olundu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın həyatında yeni bir mərhələ başlandı. Ciddi iqtisadi və siyasi islahatlar həyata keçirildi. Atəşkəs əldə olundu, yeni ordu quruldu, "Əsrin müqaviləsi" kimi neft sazişləri imzalandı. Bundan sonra Prezident İlham Əliyev bu siyasəti böyük ləyaqət, prinsipiallıq və qətiyyətlə davam etdirərək Azərbaycanı qalib xalqa və güclü dövlətə çevirdi. Bu gün Azərbaycan 60 güclü ordu sırasına daxil olub, öz imkanları və potensialı ilə beynəlxalq arenada söz sahibi olan bir ölkəyə çevrilib. Bugünkü müstəqil və güclü Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan xalqı onun xidmətlərini heç zaman unutmayacaq, daim böyük ehtiram və sayğı ilə yad edəcək. Zaman keçsə də, onun qoyduğu izlər və əziz xatirəsi xalqın yaddaşında daim yaşayacaq və tarixdə özünəməxsus yerini qoruyub saxlayacaq.