“Azərbaycan işğaldan azad olunan bütün əraziləri qarış-qarış minalardan təmizləyir” - ŞƏRH EDİLDİ

4 Dekabr 2025 17:17 (UTC+04:00)

“Bütün münaqişələrdə münaqişə bitəndən sonra mina təhlükəsizliyi məsələsi önə çıxır və bu, çox vaxt, vəsait və qüvvə tələb edən bir istiqamətdir. Ona görə ki, minalar adətən yerin altında olur, vizual şəkildə görünmür. Xüsusi cihazlarla qarış-qarış minaları tapmaq, tapandan sonra da mütəxəssislər tərəfindən zərərsizləşdirmək lazımdır. Təbii ki, mütəxəssislər də çox sayda olmur, bu sahədə böyük bir mütəxəssis ordusu yoxdur, sayları məhduddur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, biz artıq 5 ildir ki, Vətən müharibəsində qələbə qazanmışıq, amma mina sahələrinin təmizlənməsinə baxanda, hələ bir neçə 5 il də bunun üçün lazım olacaq:

“Ümumiyyətlə, beynəlxalq konvensiyada bununla bağlı bütün məsələlər nəzərdə tutulub. Hətta münaqişə bitəndə hər iki tərəf mina sahələrinin xəritələrini bir-birinə təqdim etməlidir. Amma bu, gün beynəlxalq siyasi arenada qəbul olunan norma olsa da, əksər hallarda yerinə yetirilmir, təəssüf ki, bu məsələdə də belədir. Ermənistanla Azərbaycan arasında 30 illik işğal və bu müddət ərzində baş verən proseslər mina təhlükəsini daha da artırıb. Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən mümkün olan bütün addımlar atılır. Azərbaycanda mütəxəssislərin hazırlanması üzrə kurslar təşkil olunub – mühəndis istiqamətli kurslar, mina təmizləyənlərin ANAMA tərəfindən hazırlanması, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq şəklində həyata keçirilir.

Bu gün dünyada ən sürətli və peşəkar mina təmizləyicilərindən biri Azərbaycandadır. Eyni zamanda məsafədən idarə olunan texnikalar da alınıb, bu da dərinlik qatını təmizləməyə kömək edir. Amma yenə də risk tam aradan qalxmır. Heç kim dəqiq deyə bilməz ki, bu proses nə qədər zaman aparacaq. Çünki hətta İkinci Dünya Müharibəsindən sonra bu günədək Rusiyada, meşəlik ərazilərdə partlamamış sursatlar tapılır və ya partlayır. Deməli, 80 il keçməsinə baxmayaraq, bu təhlükə hələ də qalır.

Azərbaycanda mina sahələrinin təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində dövlət tərəfindən çox böyük addımlar atılıb. Amma bu, tək dövlətin işi deyil – donor təşkilatlar da prosesə cəlb olunmalıdır. Konvensiyalara baxmayaraq, bu təşkilatlar bu prosesdə iştirak etmirlər. Mina istehsalı üçün təqribən 10–30 dollar vəsait tələb olunur. Amma bir minanın təmizlənməsi üçün 300 dollar və daha çox xərc tələb edilir. Yəni, ən azı 10 dəfə daha çox vəsait və zaman tələb olunur. Müasir texnologiyaların köməyi ilə Azərbaycan bu sahədə irəliləyir. Cənub istiqamətində və Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə mina təmizlənməsi yekunlaşıb və artıq logistik yollar təhlükəsizdir.

Mina xəritələri isə çox aşağı dəqiqliklə təqdim olunub və onlara əsasən işləmək mümkün deyil. Azərbaycan işğaldan azad olunan bütün əraziləri qarış-qarış minalardan təmizləyir və təhlükəsizliyi təmin edir”.