“Yeni Rəqabət Məcəlləsinin tətbiqi” mövzusunda müzakirələr aparılıb

4 Dekabr 2025 17:15 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFChamber) tərəfindən təşkil olunan “Yeni Rəqabət Məcəlləsinin tətbiqi” mövzusundakı maarifləndirmə tədbirində iştirak edib. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, tədbirdə qurumun sədri Elnur Bağırov və “AFChamber”in İdarə Heyətinin sədri Teybə Quliyeva açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı rəqabəti pozan halların qarşısının alınması və bazar iştirakçıları üçün bərabər imkanların təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Rəqabət Məcəlləsində yer alan tələblər və dayanıqlı biznes ekosisteminin qurulmasında bazar iştirakçılarının bu tələblərə uyğun fəaliyyətinin təşkilinin vacibliyi vurğulanıb. Bu istiqamətdə keçirilən maarifləndirmə tədbirinin biznes ictimaiyyətinin məlumatlandırılması və dövlət-özəl dialoqunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyinə diqqət çəkilib.

Tədbir çərçivəsində agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı Rəqabət Məcəlləsinin strukturu, tətbiq mexanizmləri, eləcə də Məcəllədə müəyyən edilmiş yeni hüquqi tələblərin bazar iştirakçıları üçün yaratdığı öhdəliklər barədə geniş məlumat verilib. İqtisadi təmərküzləşmələrə razılıq verilməsi, o cümlədən təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin hüquqi-normativ əsasları və onların bazarın rəqabət strukturuna mümkün təsirləri barədə izahlar verilib, qanunvericiliyin tətbiqindən irəli gələn məsələlər real biznes mühitində rast gəlinən praktik nümunələr əsasında izah olunub.