Son zamanlarda körpələrin sırğa üçün qulağını deşdirmək məsələsi cəmiyyətdə müzakirələrə səbəb olub. Belə ki, əksər insanlar uşağın yetkin yaşa çatdıqdan sonra qulağının dəlinməsini daha məqsədəuyğun bilir. Maraqlıdır, uşağın qulağı nə qədər müddətdən sonra dəlinməlidir?
Məsələ ilə bağlı pediatr Aynurə Rzayeva SİA-ya açıqlamasında bildirib ki, uşaqlarda qulaq deşdirmə prosedurunun 9 aylıqdan 1,5 yaşa qədər olan dövrdə aparılması daha məqsədəuyğun hesab olunur:
”Körpənin qulağı 9 aydan əvvəl dəlindikdə, uşaq böyüdükcə qulağın forması dəyişə bilər, dəri aşağı doğru sallanar və deşilmiş yer də aşağı düşər. Bu isə valideynlərdə narahatlıq yaradır. 1,5 yaşdan sonra isə uşaq artıq özünü daha çox dərk etdiyindən prosedur psixoloji travmaya səbəb ola bilər, həmçinin bəzən aqressiv reaksiya göstərərək sırğanı dartıb çıxarmağa çalışırlar. Qığırdaq sümüyündən daha yumşaq struktura malik olduğundan, ora hər hansı yad cismin daxil edilməsi müqavimət yaradır və həmin nahiyədə reaksiya başlaya bilər. Buna görə də qığırdaq hissəsinə xüsusi diqqətlə yanaşmaq vacibdir. Körpələrdə əsasən qulağın dəri hissəsi deşilir və sinirlərə toxunma ehtimalı olduğundan valideynlər narahatlıq keçirə bilər. Lakin sinirlər dərinin səthi boyunca yerləşdiyindən bu, ciddi problem yaratmır”.