Sosial şəbəkələr və onlayn oyunlar yeniyetmələrin gündəlik həyatında böyük yer tutur. Valideynlərin bir çoxu bu vəziyyətə nəzarət etməkdə çətinlik çəkir, eyni zamanda qadağalar bəzən əks təsir göstərir. Bəs, bu vəziyyətdən necə çıxmaq olar? Qadağalar qoyduqca yeniyetmələrin marağı daha da artır. Bunun əvəzinə başqa hansı yol tapmaq mümkündür? Onlayn oyunların zərərləri ilə yanaşı, uşaqlar üçün faydalı tərəfləri də varmı?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, yeniyetmələrin sosial şəbəkələrə və onlayn oyunlara həddindən artıq aludə olması hazırda ailələrin qarşılaşdığı ən ciddi psixoloji çətinliklərdən biridir:
“Bu, həm psixostrateji, həm də insanın psixoloji immunitetini zəiflədən məqamlardan biridir. Onlayn oyunlar yeniyetmələrin həyatında o qədər geniş yer tutub ki, bəzən uşaqlar real həyatda sadə tapşırıqlara belə fokuslana bilmirlər. Məsələn, bəziləri 5-dən 2-ni çıxmaq kimi ən elementar riyazi hesablama zamanı belə çətinlik çəkirlər – çünki diqqətləri artıq oyunda qalıb. Oyun oynadıqca həm diqqət dağılır, həm yaddaşda pozğunluqlar yaranır, həm də emosional tənzimləmə zəifləyir”.
Psixoloq əlavə edib ki, qadağa qoymaq problemi həll etmir, əksinə onu daha da dərinləşdirə bilər:
“Uşağa kəskin şəkildə “oynama”, “girmə”, “telefonu ver” demək əks reaksiya yaradır. Qadağa qoyulduqca uşağın marağı artır, çünki həmin oyun artıq onun gözündə daha cazibəli və əlçatmaz bir obyektə çevrilir. Bu yaş dövründə yeniyetmə öz müstəqil haqqını qorumağa çalışdığı üçün qadağaya qarşı müqavimət göstərir. Qadağalar əvəzinə valideynlər münasibətə əsaslanan idarəetmə modeli qurmalıdırlar. Ən doğru yol – əməkdaşlıqdır. Uşağa tam qadağa qoymaq əvəzinə, anlaşma yolu ilə vaxt limiti müəyyən etmək, səbəbini izah etmək, alternativ fəaliyyətlər təklif etmək lazımdır. Əgər yeniyetmə valideynin onu başa düşdüyünü hiss edirsə, özünü nəzarətdə yox, dəstək mühitində hiss edir. Bu da onun davranışını müsbət istiqamətə dəyişməyə kömək edir.
Onlayn oyunların yalnız ziyanlarından danışmaq da doğru deyil, çünki onların müsbət təsirləri də mövcuddur
Doğru seçilmiş oyunlar uşaqlarda strateji düşüncə, diqqəti yönləndirmə, məntiq, operativ qərarvermə, hətta komandada işləmək bacarığını inkişaf etdirə bilər. Məsələ oyunun tam qadağan olunmasında deyil, balansın yaradılmasındadır. Uşaq oyunla real həyat arasındakı sərhədi qoruya bilirsə, bu fəaliyyət zərərli tapıntıdan çox, inkişaf etdirici vasitəyə çevrilir. Sosial şəbəkələr və onlayn oyunlarla bağlı problemlər yalnız texniki nəzarətlə deyil, psixoloji yanaşma ilə həll olunur. Valideyn uşağın dünyasına daxil ola bilmirsə, ona yol göstərə bilməz. Əsas olan dialoq yaratmaq, etibarı qorumaq və real həyatı cazibədar etməkdir. Uşağı qadağalarla ekrandan uzaqlaşdırmaq mümkün deyil, amma düzgün münasibətlə balanslı istifadə vərdişi yaratmaq mümkündür”.