"Sovet İttifaqının dağılmasına baxmayaraq, Rusiya hələ də keçmiş Sovet ölkələrində hakimiyyətlərin öz milli suveren maraqlarını ifadə etməsinə şərait yaratmaq istəmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, bu səbəbdən müxtəlif forma və vasitələrdən istifadə edərək həmin ölkələri yenidən özündən asılı vəziyyətə salmağa çalışır və hətta SSRİ-nin yenidən bərpası istiqamətindəki iddialarını da gizlətmir: "30 ildən artıq bir müddət ərzində Azərbaycanla Ermənistan arasında bir münaqişə yaradaraq, həmin münaqişə vasitəsilə hər iki ölkəni özündən asılı vəziyyətdə saxlayırdı. Gürcüstanda Abxaziya və Osetiya üzərindən, Moldovada Dnestryanı bölgə üzərindən, Ukraynada isə Avropaya inteqrasiya etmək istəyən hakimiyyəti cəzalandıraraq, nəticədə imperiya ambisiyalarının bədəlini ödədiyi bir müharibəyə sürükləndi. Bu gün bu müharibənin bütün ağır fəsadlarını yaşayır.
Eyni təzyiq siyasətini Orta Asiya dövlətlərinə qarşı da aparır. Burada əməkçi miqrantların deportasiyasından tutmuş, onlara qarşı alçaldıcı münasibətin göstərilməsinə qədər, keçmiş Sovet respublikalarında 5-ci kolon vasitəsilə hakimiyyətlərə təzyiq və şantaj siyasəti aparılır. Təəssüf ki, bu proses bu gün Azərbaycanda da ən qabarıq formada müşahidə olunur. Dünyanın heç bir ölkəsi Rusiya qədər Azərbaycanın daxili işlərinə müdaxilə etmir. Azərbaycanın öz suveren maraqlarını ifadə etməsinə qarşı Rusiya bu qədər dözümsüz və sərt reaksiya göstərmir. Tarixən də belə olub və bu gün yaşananlar da bunun bariz nümunəsidir.
Azərbaycan hakimiyyətinin Rusiya 5-ci kolonuna qarşı başladığı cinayət işi, mən deyərdim ki, Azərbaycanın 30 il işğalda qalan ərazilərinin azad olunmasından sonra, həm də siyasi müstəqilliyini Rusiyanın təsirindən azad etməsi yolunda atılmış ən cəsarətli və qətiyyətli addımdır. Bu proses, düşünürəm ki, Azərbaycan xalqı və ictimai-siyasi çevrələr tərəfindən birmənalı olaraq dəstəklənməlidir. Əlbəttə, Rusiya 5-ci kolonunun nümayəndələri yalnız hakimiyyət çevrələrində deyil, siyasi qüvvələr, media, vətəndaş cəmiyyəti və iş dünyasında da mövcuddur. Sovet dövründən miras qalan agentura şəbəkəsinin nümayəndələri hələ də aktivdirlər.
Bu səbəbdən Ramiz Mehdiyevlə başlanan cinayət prosesi, Azərbaycanın yalnız ərazi deyil, həm də siyasi azadlığının bərpası yolunda başlanmış ən ciddi və əhəmiyyətli mərhələlərdən biridir. Ümid edirəm ki, bu proses Azərbaycanı Rusiyanın bütün təzyiq və təsirlərindən tam azad edəcək".