"Azərbaycan mətbəxi sağlamlığa xidmət edir" - EKSPERT AÇIQLADI

4 Dekabr 2025 16:01 (UTC+04:00)

"Azərbaycanın milli mətbəxi xalqımızın milli mətbəxi kimi həm zəngindir, həm də çeşid baxımından çox genişdir. Yemək növləri olduqca çoxdur. Bu baxımdan biz milli mətbəxdən danışanda xüsusi mətbəx ənənələrimizin mövcud olduğunu görürük". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, hər bir regionumuzun özünəməxsus yeməkləri və mətbəx xüsusiyyətləri vardır: "Yeməklərin hazırlanma üsulları da fərqlidir. Məsələn, 50-dən artıq plov növümüz mövcuddur. Balıq yeməklərinin, tərəvəz yeməklərinin də müxtəlif növləri var.

Mətbəximizdə ən çox təbii, təmiz və sağlam qidalara üstünlük veririk. Hazırladığımız bütün yeməklərdə istifadə etdiyimiz məhsulların təzə olması əsas şərtdir. Bu da milli mətbəximizin rəngarəng və zəngin olmasının göstəricisidir. Salatlara, müxtəlif növ souslara, ət və quş ətindən hazırlanan yeməklərə də üstünlük veririk. Xüsusilə quş əti yüngül və az yağlı olduğu üçün insan orqanizmi üçün faydalıdır. Süd, qatıq, ayran, dovğa kimi süd məhsulları da süfrələrimizin ayrılmaz hissəsidir. Yemək mədəniyyətimizdə ən vacib məsələlərdən biri də yeməklərin bişirildiyi gün istehlak edilməsidir. Yəni bugünkü yemək bu gün yeyilməlidir.

Amma zəif tərəflərimiz də var. Məsələn, plov və kabablarda yağlılıq həddindən artıq olur. Bu, ürək-damar problemlərinə səbəb ola bilər. Həmçinin şəkərli, ağır şirniyyatların çox istifadəsi şəkərli diabet riskini artırır. Qızartma yeməklər xolesterin səviyyəsini yüksəldə bilər. Eyni zamanda evdə hazırlanan turşular və pendirlərdə duzun həddindən artıq olması da sağlamlığa mənfi təsir göstərə bilər. Yəni ümumilikdə milli mətbəximiz həm zəngindir, həm də sağlam qidalanma baxımından potensiallıdır, amma bəzi vərdişlərdə balansı qorumaq vacibdir.