"Ramiz Mehdiyevin dövlətçiliyə zidd fəaliyyəti ifşa olundu" - ŞƏRH EDİLDİ

4 Dekabr 2025 15:31 (UTC+04:00)

"Bəlkə də bir başqası olsaydı, bu qədər məsələ maraq doğurmazdı. Söhbət vaxtilə iqtidarda əsas postlardan birini tutmuş bir insanın radikal müxalifətlə əlaqələri və dövlətçiliyimizə qarşı apardığı fəaliyyətlə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, uzun müddət özünü ümummilli lider Heydər Əliyevin və cənab Prezidentin tərəfdarı və təbliğatçısı kimi göstərən bir insanın başqa bir tərəfi də var imiş: "Belə görünür ki, o ya müəyyən bir məqam gözləyirmiş ki, hakimiyyətə keçsin, və ya uzun müddət ona göstərilən ən yüksək etimada baxmayaraq, yenə də hakimiyyətdən narazı qalıb. Bu gün o narazılığını bu formada ifadə etmək istəyir. O bilməli idi ki, Azərbaycan dövləti istənilən sınağa davam gətirəcək və bu cür siyasi gedişlərin sonu yoxdur.

Ən dəhşətlisi də odur ki, onlar öz siyasi hakimiyyət niyyətlərini xarici dövlətlərin Azərbaycandakı daxili işlərə qarışmasında görürlər. Hansı ki, 200 il əvvəl Azərbaycan xanlıqları birləşmək əvəzinə bu və ya digər imperiyaya sığınmağa çalışdı və bu, müstəqilliyimizin itirilməsinə səbəb oldu. Əgər bu gün onların istəkləri reallaşsaydı, Azərbaycan eyni faciəni yenidən yaşaya bilərdi.

Amma onlar unudurlar ki, Azərbaycan cəmiyyəti artıq kifayət qədər siyasi yetkinliyə malikdir. Müstəqilliyinin qədrini bilir və onu qorumağı bacarır. Bu cəmiyyət Ramiz Mehdiyev kimi yüksək vəzifələrdə işləməyib, amma onlar Azərbaycan dövlətçiliyini hər şeydən üstün tuturlar.

Əli Kərimli və onun komandasında isə heç vaxt milli vətənpərvərlik olmayıb. Onlar nə otuz illik işğal dövründə, nə 44 günlük müharibədə, nə də ondan sonrakı proseslərdə Azərbaycanın maraqlarını müdafiə ediblər. Nə Ramiz Mehdiyev, nə Əli Kərimli bir dəfə də olsun işğaldan azad olunmuş ərazilərə getməyiblər.

Keçmiş vəzifə sahibinin cənab Prezidentin uğurları ilə bağlı suala “mənə bu sualı verməyin” deməsi isə cəmiyyətdə böyük bir şok yaratdı. Vaxtilə hər kəsdən sadiqlik tələb edən bir insanın indi bu yolun uğurla davam etdirilməsini qəbul etməməsi onu göstərir ki, yüksək vəzifə tutmaqla sadiqlik eyni şey deyilmiş.

Bu gün Azərbaycan dövlətçiliyi növbəti bir sınaqdan keçdi. Dövlət öz gücünü göstərdi. Xalq, cəmiyyət, vətəndaşlar cənab Prezidentin siyasətini dəstəkləyir və heç bir çaşqınlıq, heç bir xarici əlaqə Azərbaycanın müstəqilliyinə mane ola bilməz".