“Vaşinqton–Moskva dialoqu: Atəşkəs perspektivləri hələ də uzaqda görünür” - ŞƏRH EDİLDİ

4 Dekabr 2025 15:25 (UTC+04:00)

"Əslində ABŞ nümayəndə heyətinin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə gözləntilərin xaricində hər hansı bir şey baş vemədi. Tərəflərin görüşü “konstruktiv” adlandırılmasına baxmayaraq, həm Moskvanın, həm də Vaşinqtonun mövqelərini diqqətlə təhlil etdikdə görürük ki, dərhal atəşkəs və ya sülh razılaşması ehtimalı hələ xeyli uzaq görünür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu dialoq daha çox tərəflərin bir-birinin şərtlərini dəqiq öyrəndiyi, qarşılıqlı “yoxlama” görüşü təsiri bağışlayır: "Rusiya tərəfi danışıqlarda ən mühüm məsələnin ərazilər və işğal altında saxladığı yerlərin Rusiya ərazisi olaraq tanınmasını özünün qırmızı xətti olaraq bəyan edib. Bu da o deməkdir ki, rəsmi Moskva özünün ilkin şərtlərindən geri çəkilmir və tələbləri də dəyişməz olaraq qalır. Bu isə təbii olaraq Ukraynanın suverenlik və ərazi bütövlüyü prinsipinə tam ziddir. ABŞ-ın sülh planının bəzi elementlərinin Rusiyanın maraqlarına uyğun gəlməsi ehtimalı səsləndirilsə də, bu, nə Kiyev, nə də Avropa paytaxtlarında qəbul edilə biləcək kompromis deyil.

Digər tərəfdən, Ukraynanın mövqeyi də ortadadır və bu mövqe beynəlxalq hüququn prinsiplərindən irəli gələn mövqedir. Kiyev istənilən sülh modelində ərazi güzəştlərini qırmızı xətt hesab edir. Üstəlik, Ukrayna və NATO ölkələri Rusiyanın hərbi üstünlük əldə etdiyi bir mərhələdə sülhə getmənin siyasi və təhlükəsizlik baxımından riskli olduğunu düşünürlər. Bütün bunlara əlavə olaraq Rusiya ordusunun 2025-ci ildə əldə etdiyi müəyyən irəliləyişlər də Kremlin mövqeyini daha da sərtləşdirib və bu, danışıqlarda kompromis imkanlarını daraldır.

Bununla belə, ABŞ nümayəndələrinin səfəri göstərir ki, Vaşinqton müharibənin davam etməsinin yaratdığı genişmiqyaslı iqtisadi və təhlükəsizlik risklərini azaltmaq üçün alternativ ssenariləri aktiv şəkildə müzakirə etməyə hazırdır. Bu baxımdan dialoqun bərpası özü-özlüyündə mühüm hadisədir. Lakin sülhün real olması üçün həm Moskvanın torpaq tələblərində yumşalma, həm də Qərbin təhlükəsizlik zəmanətləri üzrə daha konkret mexanizmlər təklif etməsi lazımdır.

Ən real perspektiv odur ki, tərəflər yaxın müddətdə tammiqyaslı sülh sazişinə deyil, daha məhdud çərçivəli humanitar və təhlükəsizlik razılaşmalarına yönələ bilərlər. Məsələn, məhbus mübadiləsi, təhlükəsiz zonalar, enerji infrastruturunun hədəf alınmaması və s kimi məsələlərlə bağlı hansısa razılşamalar mümkündür. Amma indiki mərhələdə masada olan sülh planının qəbul edilməsi ehtimalı demək olar ki, yoxdur. Çünki tərəflərin mövqelər arasındakı uçurum hələ də böyük olaraq qalır".