Spotify Wrapped və sosial ritual - ARAŞDIRMA

4 Dekabr 2025 14:45 (UTC+04:00)

Hər il dekabr ayında milyonlarla insan eyni vizualı paylaşmağa başlayır. Rəngli qrafikalarda il boyu ən çox dinlədikləri mahnılar, onları “ən çox təsvir edən” ifaçılar, ən çox qayıtdıqları janrlar və bəzən də gözləmədikləri gizli musiqi vərdişləri göstərilir. Bu fenomenin adı Spotify Wrapped-dir. İlk baxışdan sadə statistik xülasə kimi görünən bu illik hesabat zamanla rəqəmsal mədəniyyətin ritualına çevrilib. Wrapped artıq yalnız bir musiqi platformasının rekordu deyil, insanların kim olduqlarını, nə hiss etdiklərini, kimə bənzəyib kimdən fərqləndiklərini göstərmək üçün seçdikləri ictimai dilə çevrilib.

SİA mövzu ilə bağlı araşdırma edib:

Wrapped-in geniş yayılması təsadüf deyil. Platforma istifadəçidən enerji, vaxt və səy tələb etmir. O, xatırlayır, seçir, hesablayır və hazır vizual təqdim edir. Bu, insanlara “özüm haqqında nəyi bilmirdim?” sualının cavabını oyunvari formada verir. Artıq il bitmədən sosial şəbəkələrdə “Sənin Wrapped-in nədir?”, “Top 5 kim oldu?” kimi suallar ictimai bir oyun forması alır.

Wrapped, eyni zamanda, nostalji mexanizmini işə salır. İl ərzində dinlənilmiş mahnılar xatirələrə bağlanır. Bir mahnı münasibəti, digəri hadisəni, üçüncüsü isə qərarı yada sala bilir. Maraqlısı odur ki, bu şəxsi arxiv artıq yalnız fərdi deyil, ictimai vaxta bağlanır və biz eyni anda xatırlayırıq, paylaşırıq, ilimizi musiqi ilə danışırıq. Burada ortaya çıxan anlayış rəqəmsal kollektiv xatirədir.
Maurice Halbwachs-ın kollektiv yaddaş nəzəriyyəsinə görə, xatirələr fərdi səviyyədə mövcud olsa da, onların formalaşması və mənalandırılması sosial kontekstdən asılıdır. İnsanlar keçmiş təcrübələrini yalnız öz yaddaşlarında saxlamırlar, onlar xatirələri başqaları ilə bölüşərək və ictimai kontekstdə yenidən xatırlayaraq kollektiv yaddaşın bir hissəsinə çevirirlər. Spotify Wrapped bu prosesi rəqəmsal dövrəyə uyğunlaşdırır: platforma istifadəçinin fərdi dinləmə tarixçəsini seçir, vizuallaşdırır və paylaşılmağa hazır formatda təqdim edir. Nəticədə, hər bir istifadəçinin şəxsi musiqi arxivi yalnız fərdi xatirə olaraq qalmır, həm də sosial və kollektiv yaddaşın bir hissəsinə çevrilir. İnsanlar Wrapped-lərini paylaşmaqla həm öz keçmiş il təcrübələrini xatırlayır, həm də başqalarının xatirələri ilə birgə rəqəmsal kollektiv yaddaşda iştirak etmiş olurlar. Beləcə, Wrapped yalnız nostalji üçün deyil, fərdi xatirələri ictimai və rəqəmsal kollektiv yaddaşa çevirən, paylaşımı sosial bir rituala çevirən bir fenomen kimi ortaya çıxır. Halbwachs-ın nəzəriyyəsi burada aydın görünür: fərdi xatirə, ictimai kontekstdə mənalandırıldıqca kollektiv yaddaşa çevrilir və sosial əlaqələr vasitəsilə daha geniş bir yaddaş şəbəkəsinə qoşulur.

Digər tərəfdən Wrapped-in sosial təsiri xüsusilə sosial müqayisə və ictimai performans üzərində qurulub. İnsanlar başqalarının Wrapped-lərinə baxır, öz statistikasını müqayisə edir və sosial mövqelərini ölçür. Fan leaderboard və top listener göstəriciləri bu müqayisəni gücləndirir, paylaşımı performativ bir hərəkətə çevirir. İnsanlar statistikaları paylaşmaqla özlərini nümayiş etdirir, bəzən qürurla, bəzən ironik şəkildə. Hər paylaşım yalnız fərdi təcrübəni qeyd etmir, həm də sosial status nümayişidir. Bu fenomen görünürlük və fərqlənmə effekti yaradır: ictimai aidiyyət və fərdi kimlik eyni anda nümayiş olunur. Beləcə, Wrapped sadəcə musiqi xülasəsi deyil, illik sosial teatra çevrilir. Səhnə sosial mediadır, aktyorlar istifadəçilər, rekvizit isə rəqəmsal statistika.

Bir başqa özəllik isə onun rituallaşmasıdır. Wrapped-in ritual xüsusiyyəti onun dövriliyindən irəli gəlir. Bu vizuallar yalnız dekabr üçün nəzərdə tutulub. Yəni heç kim Wrapped-i avqustda paylaşmır. İnsanlar gözləyir, soruşur, kollektiv maraq yaranır: “Səninki gəlib?”, “Bu il görəsən nə olacaq?” Beləcə, il sonu xatirələşməsi və kollektiv yaddaş formalaşır.
Dövrilik sosial ritualların əsas elementi hesab olunur. Émile Durkheim-ə görə, ritual təkrarlar vasitəsilə həm fərdi, həm də kollektiv bağlılığı gücləndirir. İllik, cəmiyyət tərəfindən gözlənilən və təkrarlanan hadisələr iştirakçılara aidiyyət hissi verir və sosial normaları möhkəmləndirir. Spotify Wrapped bu prinsipi rəqəmsal məkana keçirir. Hər dekabr eyni vizualların paylaşılması istifadəçilərdə gözləmə və iştirak ritmini yaradır, sosial maraq və kollektiv diqqət formalaşdırır.
Yəni Wrapped yalnız fərdi statistika deyil, o, müasir insanın il sonu ritualına çevrilir, dövrilik vasitəsilə kollektiv xatirə və sosial əlaqə yaradır. İstifadəçilər vizualları paylaşmaqla həm fərdi təcrübələrini qeyd edir, həm də sosial məkanlarda kollektiv bir rituala qoşulurlar. Dövrilik burada həm struktur, həm də sosial gözlənti yaradır: Wrapped yalnız bir dəfə deyil, hər il eyni zamanda təkrarlanır və bu təkrar istifadəçilərin rituala bağlılığını gücləndirir.

Son özəllik olaraq isə trend və vizual estetik də Wrapped-in mədəni təsirini artırır. Spotify hər il dizaynı təkmilləşdirərək paylaşımı həm asan, həm estetik cəlbedici edir. Vizual elementlər və performativlik paylaşımı sosial performansa çevirir. İzləyicilər qiymətləndirir, bəyənir, şərh edir. Beləcə, Wrapped yalnız fərdi zövqü deyil, müasir rəqəmsal mədəniyyətin kodlarını, kollektiv ritmlərini və sosial oyunlarını da yaradır.

Nəticədə, Spotify Wrapped artıq yalnız statistik xülasə deyil. O, rəqəmsal ritual, sosial trend generatoru və fərdi aidolma vasitəsidir. İnsanlar Wrapped-lərini paylaşmaqla özünü təsdiqləyir, ictimai aidiyyətini göstərir və müasir rəqəmsal mədəniyyətin bir parçası olduqlarını nümayiş etdirir. Wrapped-in uğuru texnologiya ilə insan instinktinin (xatırlama, paylaşma, görünür olma və fərqlənmə) qovuşmasından qaynaqlanır. Bu fenomen, fərdi və kollektiv təcrübələrin rəqəmsal vizual dilə çevrildiyi müasir dünyamızın canlı göstəricisidir. Amma bütün bu rəqəmsal kollektiv xatirələr, illik ritullar və paylaşılan vizuallar arasında soruşmaq lazımdır: biz xatırladığımızı paylaşırıq, yoxsa paylaşdığımızı xatırlayırıq?

Nigar Şahverdiyeva