Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, Dini Komitənin sədri Azərbaycanda zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqinin dövlətin din siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.
Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında dini konfessiyalara və ibadət yerlərinə göstərilən hərtərəfli dövlət dəstəyində öz əksini tapır. Müxtəlif dinlərin nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.
Görüş zamanı Bakı Prosesi çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərin əhəmiyyətinə də toxunan komitə sədri bu platformanın müxtəlif mədəniyyət və dinlərarası sivilizasiya arasında dialoq, əməkdaşlıq üçün geniş imkanlar yaratdığını, tolerantlığın qlobal səviyyədə təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.
Etnik Anlaşma Fondunun prezidenti, Hampton sinaqoqunun təsisçi direktoru Ravvin Mark Şnayer Azərbaycanda uzun illərdir mövcud olan dini tolerantlıq və qarşılıqlı hörmət mühitini yüksək dəyərləndirdiyini qeyd edib. O, Azərbaycanın müxtəlif dini və etnik qrupların sülh, həmrəylik və anlayış şəraitində birgə yaşaması üçün yaratdığı nümunəvi modelin xüsusi diqqət çəkdiyini bildirib. Azərbaycan tolerantlığının parlaq nümunələrindən birinin də bu ölkədə yəhudi icmasına göstərilən qayğı olduğunu deyib.
Görüşdə mövcud dinlərarası harmoniya mühitinin möhkəmləndirilməsi ilə bağlı müxtəlif ideya və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.