Ramin Məmmədov Göyçayda Qarabaqqal kənd məscidini ziyarət edib - FOTOLAR

4 Dekabr 2025 13:12 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Göyçay rayonundakı Qarabaqqal kənd "Cümə" məscidini ziyarət edib. SİA xəbər verir ki, məscidin din xadimləri ilə keçirilən görüşdə dövlət-din münasibətlərinin inkişafı, dini maarifləndirmənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və gənclərin sağlam dini biliklərə yiyələnməsi məsələləri müzakirə olunub.

Dini Komitənin sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini icmaların fəaliyyətinə göstərilən dəstək ardıcıl şəkildə davam etdirilir və gənclərin zərərli ideologiyalardan qorunmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında din xadimlərinin də üzərinə mühüm vəzifələr düşür.

Ramin Məmmədov din xadimlərini İslamın sülh, həmrəylik və insanpərvərlik prinsiplərinin düzgün təbliğində daha fəal olmağa çağırıb, milli-mənəvi dəyərlərə zidd ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Din xadimləri dövlətin dini sahəyə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini ifadə edərək dini maarifləndirmə, gənclərin sağlam ruhda tərbiyəsi və icmalararası əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.