"Könüllülük hərəkatı növbəti ildən 36 dövlət qurumunu əhatə edəcək" - Yusif Vəliyev

4 Dekabr 2025 12:16 (UTC+04:00)

“Bu gün Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumu keçirilir və biz Azərbaycan Gənclər Fondu olaraq məhz "Azərbaycan Könüllülük Həftəsi" nin rəsmi tərəfdaşı və dəstəkçisi kimi çıxış edirik. Digər dövlət qurumları ilə birlikdə artıq 8-ci dəfədir ki, bu forum və Könüllülük Həftəsi keçirilir. Bu tədbirlər il ərzində baş verən könüllü fəaliyyətlərinin yekunu və bir növ hesabatıdır". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş" Azərbaycan Könüllülərin VIII Həmrəylik Formu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, forumun keçirilməsi təsadüfi deyil və mühüm beynəlxalq günə təsadüf edir: “5 dekabr Beynəlxalq Könüllülər Günüdür və bu forum da məhz həmin günə həsr olunub. Bu tarix eyni zamanda könüllülərimizin bayramıdır".

Y.Vəliyev qeyd edib ki, Gənclər Fondu il ərzində könüllülük hərəkatının inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir: “Fond tərəfindən il boyu həm müsabiqəli, həm də müsabiqədənkənar qrantlar ayrılır, könüllü təşəbbüslərinin reallaşdırılmasına daim dəstək verilir. Könüllülük hərəkatının davamlı inkişafı Gənclər Fondunun əsas prioritetlərindən biridir".

Onun sözlərinə görə, builki forum geniş iştirakçılıqla keçirilir: “Bu gün forumda 3 mindən artıq Azərbaycan gənci və könüllüsü iştirak edir. Bu, könüllülük hərəkatına marağın ildən-ilə artdığını göstərir".

Yusif Vəliyev xatırladıb ki, dövlət qurumlarında könüllülük proqramları 2019-cu ildən başlayan prosesin nəticəsidir: “2019-cu ildə Cənab Prezidentin çağırışı ilə ASAN Xidmət və ASAN Könüllülərlə başlayan bu təşəbbüs artıq 32 dövlət qurumunu əhatə edir və növbəti il üçün 36-ya çatdırılması planlaşdırılır. Bu gün könüllülərimizi dövlət qurumlarında vətəndaşlara xidmət sahəsində, beynəlxalq tədbirlərin təşkili zamanı, eləcə də idman yarışlarında fəal şəkildə görə bilirik".

O vurğulayıb ki, könüllü fəaliyyəti gənclərin şəxsi inkişafında mühüm rol oynayır: “Gənclərin könüllü olaraq bu tədbirlərdə iştirakı onların həm şəxsi inkişafına, həm də gələcək iş fəaliyyətinə əvəzolunmaz dəyər qatır".