“Azərbaycan Könüllü Təşkilatları İttifaqının fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Ümumrusiya Sosial Müdafiə Agentliyinin rəhbər şəxsləri tərəfindən əməkdaşlarımıza təşəkkür və mükafatlar təqdim olunub". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2025” ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Sədr bildirib ki, könüllülük ideyasının daha da geniş yayılması məqsədilə ölkə üzrə 15 ali təhsil müəssisəsində maarifləndirici infosesiyalar keçiriləcək: “Bu sessiyalar təkcə İttifaqın deyil, eyni zamanda üzv təşkilatların da fəaliyyəti ilə bağlı gənclərin məlumatlandırılmasına xidmət edəcək".
Vüqar Əliyevin sözlərinə görə, Könüllülük Həftəsi çərçivəsində 10 gün ərzində 10 layihə icra olunacaq, 5 əsas mövzu üzrə tədbirlər keçiriləcək və ümumilikdə 18 əsas region əhatə ediləcək: “Azərbaycan Könüllülərinin Həftəsi ölkə miqyasında həm sosial təsir, həm də beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi baxımından olduqca önəmli təşəbbüsdür".
O qeyd edib ki, həftə çərçivəsində müxtəlif mədəni və sosial tədbirlər də nəzərdə tutulur: “Musiqili proqramlar və DJ şoular təşkil olunacaq. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə sadiqlik ruhunda Bakı şəhərində Fəxri Xiyabana ziyarət, regionlarda isə Ulu Öndərin abidələrinin ziyarəti və gülqoyma mərasimləri keçiriləcək. Bu artıq könüllülər arasında ənənəyə çevrilmiş fəaliyyətlərdəndir".
V. Əliyev həftənin özəl layihələrindən də bəhs edib: “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi hər il olduğu kimi bu il də keçiriləcək. Düşərgədə Türkiyə və Mərkəzi Asiya dövlətlərindən olan könüllülərin də iştirakı planlaşdırılır. Burada master-klaslar, təlimlər, komanda oyunları, idman yarışları təşkil olunacaq. Eyni zamanda ilin aktiv könüllüləri və "İlin Könüllüsü" mükafatına layiq görülən şəxslər də düşərgədə iştirak edəcəklər.”
Sədr beynəlxalq əlaqələrdən də danışıb: “Hazırda Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülər Mərkəzinə sədrliyi həyata keçirir. Növbəti mərhələdə sədrliyin Qazaxıstana və Qırğızıstana təhvil verilməsi planlaşdırılır".