“Cəmiyyətdə aqressiyanın artması iqtisadi gərginlik və sosial təzyiqlərlə bağlıdır” - SOSİOLOQ

4 Dekabr 2025 10:20 (UTC+04:00)

"İnsanların bir-birinə qarşı aqressiyasının artması son illər sosial müzakirələrin əsas mövzularından biridir. Bu məsələni təkcə emosional reaksiya kimi deyil, daha geniş ictimai-sosioloji kontekstdə qiymətləndirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq, yazıçı-kultoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, aqressiyanın kökündə bir neçə faktor dayanır və iqtisadi çətinliklər onların ən mühüm hissələrindən biri olsa da, tək amil deyil: "İqtisadi sıxıntılar insanların gündəlik həyatında gərginliyi artıran başlıca faktorlardandır. Gəlirlərin azalması, işsizlik, qiymətlərin artması, kredit yükü və sosial təminatın zəifləməsi fonunda insanlar daha həssas, daha əsəbi və daha dözümsüz olurlar. Maddi qeyri-müəyyənlik psixoloji sabitliyi pozur və sosial münasibətlərdə sərt davranışlara yol açır. Çünki insan gündəlik həyatda təhlükəsizlik hissini itirdikcə, ətrafına qarşı daha aqressiv reaksiya verir. Lakin məsələ təkcə iqtisadi çətinliklərlə məhdudlaşmır. Müasir urbanizasiya, sıx yaşayış mühiti, şəxsi məkanın azalması, informasiya axınının çoxluğu və sosial şəbəkələrdə davamlı gərginlik yaradan müzakirələr də aqressiyanı qidalandıran amillərdir. İnsanlar getdikcə daha çox yorulur, bir-birini dinləmək və empatiya göstərmək bacarıqları zəifləyir. Sosial mədəniyyətin dəyişməsi, ünsiyyət etikası və cəmiyyətin kollektiv davranış normalarındakı boşalmalar da aqressiyanın artmasına şərait yaradır.

Digər mühüm faktor psixoloji sağlamlıqla bağlıdır. Mütəxəssis dəstəyi almağın hələ də tabu sayılması, insanların emosiyalarını idarə etmək bacarığının aşağı olması və stressin müxtəlif formada yığılıb boşalma yolu tapmaması aqressiv davranışları gücləndirir. Cəmiyyətdə təhlükəsizlik, inam və sabitlik azalanda sosial münasibətlərdə ziddiyyətlər daha kəskin şəkildə üzə çıxır. Aqressiyanın artmasının əsas səbəbi yalnız iqtisadi çətinliklər deyil, lakin iqtisadi gərginlik bu prosesin ən təsirli və katalizator rolunu oynayan hissəsidir. İqtisadi vəziyyət stabilləşdikcə cəmiyyətdə ümumi psixoloji mühit də yumşalır. Lakin problemin tam həlli üçün sosial siyasət, psixoloji maarifləndirmə, ictimai etik mədəniyyətin bərpası və insanların sağlam ünsiyyət bacarıqlarının gücləndirilməsi kimi addımlar da vacibdir".