Dekabrın 3-də Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 1970-ci il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyadaəleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.