“Ramiz Mehdiyevin cinayət işi çərçivəsində AXCP funksionerlərinə qarşı başlanmış cinayət təqibinə verilən qeyri-adekvat reaksiya və süni ajiotaj həmin şəxslərin ifşa olunmaq qorxusunun göstəricisidir. Görünən odur ki, özlərini "xalqın mənafeləri naminə barışmaz mövqe sahibləri" kimi təqdim edən bu şəxslər illərdir formalaşmış eyforiyanın dağılacağını başa düşürlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, əvvəlcə Xalq Hərakatı kimi Qorbaçovun direktivləri əsasında qeydiyyata alınan və sovet KQB-nin birmənalı təsir dairəsində olan sonrakı dövrlərdə isə partiya kimi qeydiyyatdan keçərək Rusiya xidməti orqanlarının çətiri altında və tezisləri əsasında fəaliyyətini quran bu istiqamətdə gizli əməkdaşlıqlara gedən, o cümlədən Ramiz Mehdiyevlə birgə xəyanətlərə imza atması təkzibedilməz dəlillərlə ehtimal olunan AXCP-nin heç vaxt milli maraqları təmsil etmədiyi hər kəsə bəllidir. Lakin bu vaxta qədər Mehdiyev kimi məmurların sayəsində məsuliyyətdən kənar qalan və anti-milli fəaliyyətini bütün dövrlərdə, xüsusən Vətən müharibəsi və antiterror tədbirləri zamanında da cəzasızlıq fonunda davam etdirən Kərimli və onun kimi ünsürlər artıq yolun sonuna gəldiklərini başa düşür və bu mənada aidiyyəti ajiotaja üz tutmaqla vaxt udmaq, diqqət cəlb etmək və bununla da hər hansı formada məsuliyyətdən yayınmağa çalışır. Əlbəttə, onların barələrində başlanmış cinayət təqibi kiminsə cəzalandırılmasına yox, cinayət qanunvericiliyində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilib-törədilməməsini və təqsirli şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Bu obyektiv yanaşma fonunda əgər cəbhəçilər bu cür ciddi narahatlıq keçirirsə, bu özü də onların birmənalı şəkildə ittiham üzrə təqsirli olduqlarını dolayısı ilə etiraf etmələri anlamına gələ bilər”.