“Təəssüflər olsun ki, dövlətlər arasında baş verən müharibələr sadəcə tərəflərə olan təsirlərlə məhdudlaşmır. Həmin dövlətlərin yerləşdiyi coğrafiya ilə genişlənən əhatə dairəsi bir çox aspektdən qlobal sistemə təsirlərini də özündə ehtiva edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, bir regionda baş verən münaqişə bəzən əhatə dairəsini genişləndirməklə qlobal sülh üçün nə qədər ciddi təhdidlər formalaşdırır:
”Rusiya-Ukrayna müharibəsi buna bariz nümunədir. Eləcə də Orta Şərqdə baş verən münaqişələr fonunda, hərbi əməliyyatların genişləndirilməsi, dondurulmuş münaqişələrin də yenidən aktiv bazaya keçid etməsi onu deməyə əsas verir ki, həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdidləri özündə ehtiva edir. İstər Sudanda baş verən hadisələr, istər Həmas-İsrail qarşıdurması, istərsə də Rusiya-Ukrayna münaqişəsi, son zamanlarda ABŞ ilə Venezuela arasındakı gərginlik onların hər biri onu deməyə əsas verir ki, bu dövlətlərin yerləşdiyi coğrafiya və bölgələrdə olan digər ölkələr və onların təhlükəsizliyi üçün də ciddi təhdidlər var. Bu təhdidlər yeni formalaşan beynəlxalq münasibətlər sisteminin keçid mərhələsində biraz daha ciddi xarakter almaqla kiçik və inkişaf etməkdə olan dövlətləri daha praqmatik yanaşmalar ortaya qoymağa sövq etməlidir. Çünki əks halda heç bir dövlət hər hansı bir formada yerləşdiyi coğrafiyada olan münaqişələrin mənfi təsirlərindən sığortalana bilməz”.