“Sosial şəbəkələrdə dələduzluq halları, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də mövcud olub və gələcəkdə də müxtəlif formalarda özünü göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza bildirib.

Onun sözlərinə görə, rəqəmsal platformaların sürətli inkişafı, insanların internetdən geniş istifadə etməsi belə risklərin sayını artırır və kiberməkanda təhlükəsizlik məsələsini daha da aktuallaşdırır.
“Bu səbəbdən belə halların qarşısının alınmasında əsas rolu maarifləndirmə tədbirləri oynayır.
Məhz maarifləndirmə sayəsində istifadəçilər daha oyanıq, məlumatlı və diqqətli davranaraq internet mühitində onları gözləyən təhlükələri daha asan müəyyən edə bilirlər. İnformasiya savadlılığı yüksək olan vətəndaşın aldadılma ehtimalı azalır, həmçinin dələduzluğun qarşısı ilkin mərhələdə alınır. Beləliklə, istifadəçilərin şüurlu şəkildə davranması kibertəhlükələrin azalmasına birbaşa təsir göstərir.
Bundan əlavə, dələduzluq halları baş verdiyi zaman vətəndaşların dərhal güc mühafizə orqanlarına müraciət etməsi vacibdir. Hüquq-mühafizə qurumları tərəfindən sosial şəbəkələrdə nəzarət aparılsa da, rəqəmsal dünyanın sərhədsizliyi səbəbindən bütövlükdə tam nəzarətin təmin edilməsi mümkün deyil. Bu, dünyanın heç bir ölkəsində tam şəkildə reallaşdırıla bilməyən bir prosesdir və texnoloji mühitin təbiətindən irəli gəlir.
Əsas məsələ vətəndaşların diqqətli olması, rəqəmsal təhlükələrlə bağlı mütəmadi məlumatlanması və şübhəli hallara qarşı ayıq-sayıq davranmasıdır. Cəmiyyətdə belə bir mədəniyyətin formalaşması həm fərdi təhlükəsizliyi, həm də ümumi informasiya mühitinin sağlamlığını təmin edən əsas amildir”
Müəllif: Hacıyeva Günay