Müasir cəmiyyətin qarşılaşdığı ən ciddi psixoloji problemlərdən biri yeniyetmələr arasında intihar hallarının artmasıdır. Bu dövr insan həyatının ən həssas və kritik mərhələsi hesab olunur, çünki 10–18 yaş aralığında emosional dəyişikliklər, şəxsiyyətin formalaşması və sosial adaptasiya prosesi intensiv şəkildə gedir. Yeniyetmənin psixikasında baş verən bu təbii dəyişikliklər bir çox hallarda ailədaxili münasibətlərin zəifliyi, emosional dəstəyin çatışmazlığı və diqqət yetirilməyən davranış siqnalları ilə daha da ağırlaşır.
SİA mövzu ilə bağlı psixoloq Gülər Məmmədovanın fikirlərini alıb.
Psixoloqun sözlərinə görə, müasir dövrdə bir çox ailələr yeniyetməlik dövrünə daxil olan uşaqların psixoloji inkişaf proseslərini yetərincə dərk etmir: "Halbuki yeniyetməliyin böhran mərhələsi təxminən 10 yaşdan başlayır və 11–12 yaşlarda artıq uşağın davranışlarında müəyyən dəyişikliklər açıq şəkildə özünü göstərməyə başlayır. Bu dövrdə yeniyetmənin emosional vəziyyəti, davranış modelləri və psixoloji reaksiyaları daha həssas olur ki, bu da valideynlərdən artırılmış diqqət və müşahidə tələb edir.
Psixoloji travmalar və özünəqəsd meylləri heç vaxt “birdən-birə” yaranmır. Bu hallar əvvəldən özünü qeyri-ixtiyari və qeyri-adekvat davranış formaları ilə büruzə verir. Lakin təəssüf ki, bir çox valideynlər psixoloji proseslər barədə kifayət qədər məlumatlı olmadığından bu əlamətləri vaxtında dəyərləndirə bilmirlər. İnsan psixologiyası və fiziologiyası dəyişiklikləri açıq şəkildə göstərir; yeniyetmənin daxili narahatlığı da davranışlarında “qaranlıq nöqtələr” kimi nəzərə çarpır. Bu siqnalları düzgün oxuya bilməyən və uşağını nəzarətdən kənarda saxlayan valideynlər problemin dərinləşməsinə şərait yaradır.
Nəticədə baş verən faciələrdən sonra valideynlərin “biz səhv etmişik, siz etməyin” kimi etirafları artıq gecikmiş reaksiyanın göstəricisi olur. Problemin kökü isə çox vaxt ailədaxili ünsiyyət və psixoloji dəstək çatışmazlığı ilə bağlıdır. Yeniyetmənin daxili dünyasına maraq göstərilməməsi, onun duyğularının və davranış dəyişikliklərinin nəzərə alınmaması ciddi risk amilinə çevrilir. Təəssüf ki, bəzən uşaqlar oyunlar, qorxu, maraq və ya digər psixoloji səbəblər fonunda həyatlarını təhlükəyə atacaq addımlar ata bilirlər.
Mövcud vəziyyət cəmiyyətdə real həyəcan siqnalı kimi dəyərləndirilməlidir. Bu hadisələr valideynlər üçün ciddi xəbərdarlıqdır ki, övladlarının psixoloji vəziyyətinə daha məsuliyyətlə yanaşsınlar, onların daxili aləmini anlamağa çalışsınlar və vaxtında düzgün ünsiyyət qursunlar. Problemlərin şiddətlənməsini gözləmək əvəzinə, erkən mərhələdə müdaxilə və adekvat dəstək göstərilməsi vacibdir. Çünki yeniyetmələrin davranışlarında ortaya çıxan hər bir dəyişiklik, emosional dalğalanma, qapanma, aqressiya və ya həddindən artıq həssaslıq , diqqətlə izlənilməli və yüksək həssaslıqla qiymətləndirilməlidir”.
Müəllif: Hacıyeva Günay