"Çinlə ABŞ arasında texnoloji rəqabət dərinləşir" - EKSPERT

3 Dekabr 2025 16:20 (UTC+04:00)

"Çinlə ABŞ arasında ciddi rəqabət var - iqtisadiyyat sahəsində, ticarət sahəsində, texnologiya sahəsində. Burada iki əsas aspekt diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, birincisi, Amerika hesab edir ki, Çin bazarına daxil olmaq üçün Amerikanın texnoloji sirlərini oğurlayır, kopyalayır, müəllif hüquqlarını pozur, kommersiya sirlərini ələ keçirir: "Eyni zamanda ABŞ zaman-zaman müasir texnologiyaların, xüsusilə videoçiplərin Çin tərəfindən əldə edilməsinə məhdudiyyətlər qoyur ki, Çin süni intellekt və robototexnika sahəsində irəliləyə bilməsin.

Çin tərəfində isə təzyiq imkanları var, xüsusən də nadir metallar sahəsində. Elektrik mühərrikləri və batareyalarda istifadə olunan bu nadir metallar üzrə Çin dünya ehtiyatının 70%-nə, istehsalının isə 90%-nə nəzarət edir. Yəni Çin bu sahədə monopolist mövqeyə malikdir.

Bu iki ölkə - Çin və ABŞ hal-hazırda dünyanın ən böyük iki iqtisadi mərkəzi sayılır. Çin sürətlə ABŞ-ı geridə qoymağa çalışır və bu, texnoloji sahədə həm rəqabətə, həm də qarşıdurmaya səbəb olur. Çində də yüksək texnologiyalara malik şirkətlər sürətlə inkişaf edir. ABŞ-ın bu sahədə güclü olduğunu deməyə ehtiyac yoxdur, lakin Çin şirkətləri kopyalama və müasir texnologiyalardan istifadə ilə sürətli uğurlar əldə edir. Məsələn, ABŞ süni intellekt sahəsində 150-60 milyon məlumatla işləyirsə, Çin “deepfake” və digər süni intellekt modellərində artıq 5–6 milyondan istifadə edir. Çin daha ucuz qiymətlərlə, lakin yüksək texnologiyalarla ABŞ üçün ciddi rəqibə çevrilməkdədir".