"İki xalqın yaxınlaşması üçün tarixi narrativlərin yumşaldılması vacibdir" - ŞƏRH EDİLDİ

3 Dekabr 2025 15:14 (UTC+04:00)

"Azərbaycan və Ermənistan arasında uzunmüddətli barış və xalqların yaxınlaşması yalnız dövlətlərin imzalayacağı sənədlərlə yox, ictimai şüurun dəyişməsi və qarşılıqlı etimadın bərpası ilə mümkündür. Bu proses emosional, tarixi və siyasi yüklənmə daşıdığı üçün tələsik və süni şəkildə yox, mərhələli və real ehtiyaclar üzərində qurulmalıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, yaxınlaşma prosesi siyasi idarələrdən deyil, təhlükəsizlik və qarşılıqlı qəbulun təmin olunmasından başlamalıdır: "Dövlətlər arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi və birbirinin ərazi bütövlüyünün tanınması xalqlar arasında münasibətlərin əsasını yaradır. Siyasi çərçivə möhkəm olmadıqca, cəmiyyətlər arasında inamı möhkəmləndirmək mümkün deyil. İki xalqın yaxınlaşması üçün tarixi narrativlərin yumşaldılması və düşmənçilik ritorikasının aradan qaldırılması həyati əhəmiyyət daşıyır. Onilliklər boyunca hər iki tərəfdə formalaşan stereotiplər ictimai şüura dərin təsir edib. Təhsil, media və ictimai debatlarda qarşı tərəfi demonizə edən ifadələrin azalması, daha neytral və faktlara əsaslanan yanaşmanın güclənməsi zəruridir. Bu, qısa zamanda yox, mərhələli şəkildə əldə edilə bilən bir prosesdir. Xalqların yaxınlaşmasının ən real yolu insandan-insana əlaqələrin yaradılmasıdır. Mədəniyyət, idman, elm, biznes və tələbə mübadilələri cəmiyyətlərin bir-biri ilə birbaşa təmas qurmasını təmin edir. İnsanlar bir-birini sözlərdən yox, real qarşılaşmalardan tanıdıqca, stereotiplər zəifləyir və normal münasibətlərin bərpası üçün sosial zəmin yaranır. Bu, xüsusilə gənclər arasında daha təsirli ola bilər.

Yaxınlaşma prosesi yalnız emosional deyil, həm də iqtisadi rasional maraqlara əsaslanmalıdır. Regionda yeni kommunikasiyaların açılması, ticarət əlaqələrinin qurulması və qarşılıqlı iqtisadi asılılığın formalaşdırılması sülhü sabit və davamlı edir. Çünki iqtisadi əməkdaşlıq həm riskləri azaldır, həm də müharibənin yenidən başlamasını qeyri-mümkün edən bir mexanizmə çevrilir. Siyasi liderlik və ictimai kommunikasiya mühüm rol oynayır. Hər iki tərəfin siyasi elitaları radikal ritorikanı azaltmalı, barışıq prosesini cəmiyyətə doğru izah etməli və onun legitimliyini təmin etməlidir. Bu olmadığı halda, radikal qruplar münasibətlərin normallaşmasına mane ola bilər. Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşması mümkün, lakin çoxmərhələli, həssas və davamlı yanaşma tələb edən bir prosesdir. Bu münasibətlər yalnız dövlət səviyyəsində deyil, həm də cəmiyyət, iqtisadiyyat, mədəniyyət və təhsil platformalarında paralel şəkildə qurulduqda real nəticə verə bilər. Sülh nə yalnız sənəd, nə də yalnız emosiyadır -sülh sistemli şəkildə qurulan etimadın nəticəsidir".