Bu ilin 10 ayı ərzində Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 47,8 milyon ABŞ dolları təşkil edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvanda keçirilən II Azərbaycan-Türkiyə regional iqtisadi forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıb. Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutaraq 46,5 faizlik paya malik olub. Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik və travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq və kənd təsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.
Qeyd olunub ki, Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük hissəsini türk şirkətləri təşkil edir. Hazırda muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində türk iş adamları ilə birgə yaradılmış sahibkarlıq subyektləri aktiv fəaliyyət göstərir.