"Müxalifətin hay-küyünün artması siyasi mövqelərini qorumaq cəhdidir" - ŞƏRH EDİLDİ

3 Dekabr 2025 14:43 (UTC+04:00)

"Əli Kərimli və onun ətrafının hazırkı hay-küyünün səbəbləri bir neçə siyasi və kommunikasiya faktorları ilə izah olunur. Bu proses yeni deyil - müxalifət düşərgəsinin illərdir formalaşmış davranış modeli bu gün də eyni xətt üzrə davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, müxalifət radikal qanadının hər hansı siyasi hadisəyə emosional reaksiya verməsi və “hakimiyyətin qərəzli münasibəti” iddiasını önə çəkməsi onların əsas siyasi alətlərindən biridir: "Bu ritorika həm öz tərəfdarlarını motivasiya etmək, həm də informasiya məkanında görünürlüyü artırmaq məqsədi daşıyır. Azərbaycan müxalifətinin struktur zəifliyi, sosial dayaqlarının məhdudluğu və real siyasi proseslərdə iştirak imkanlarının aşağı olması onları informasiya müstəvisində daha sərt və bəzən də hay-küylü davranmağa məcbur edir. Əli Kərimli və ətrafının bu dəfə də inkar taktikasına üz tutması isə təsadüfi deyil. Onlar siyasi məsuliyyət yükünü öz üzərlərinə götürməkdən yayınmaq, yaranmış vəziyyətə görə ictimai fikri başqa istiqamətə yönəltmək və təzyiqi azaltmaq üçün “hakimiyyət bizi hədəf alır” tezisindən istifadə edirlər. Bu taktika əvvəllər olduğu kimi, bu gün də onların standart kommunikasiya modelinin əsas hissəsidir.

Digər tərəfdən, radikal müxalifət düşərgəsi uzun müddətdir ki, daxili ziddiyyətlər, liderlik böhranı və sosial bazanın daralması ilə üz-üzədir. Belə vəziyyətdə gündəmi emosional ittihamlarla doldurmaq həm diqqəti daxili problemlərdən yayındırmaq, həm də öz auditoriyası üçün “siyasi aktivlik görüntüsü” yaratmaq məqsədi daşıyır. Yəni hay-küyün artmasının arxasında sırf ictimai rəy uğrunda mübarizə dayanır.

Hakimiyyətin guya “qərəzli münasibət göstərdiyi” iddiası isə müxalifətin özünü siyasi təqib olunan qüvvə kimi təqdim etməsinə xidmət edir. Bu, həm xarici auditoriya üçün mesaj rolunu oynayır, həm də daxildə tərəfdarların konsolidasiyasını təmin etməyə hesablanıb. Azərbaycan siyasi sistemində müxalifətin zəif təsir imkanlarını nəzərə alsaq, onlar üçün ən rahat platforma sosial media və informasiya məkanıdır. Əli Kərimli və ətrafının hay-küyünün səbəbi nə yeni siyasi faktordur, nə də gözlənilməz proses. Bu, onların uzun illərdir davam etdirdiyi siyasi davranış modelinin növbəti təzahürüdür: məsuliyyəti inkar etmək, hakimiyyəti ittiham etmək və informasiya müharibəsi vasitəsilə öz mövqelərini qorumaq".