"Bütün sahələrdə Ümummilli Liderin izini görmək mümkündür" - ŞƏRH EDİLDİ

3 Dekabr 2025 14:10 (UTC+04:00)

"Xalqların tarixində və taleyində, onların yetişdirdikləri liderlər çox önəmli rol oynayırlar. Hər xalqa, hər dövlətə də çox böyük liderlər qismət olmayıb. Azərbaycan xalqı bu mənada xoşbəxt xalqlardan biridir ki, onun Ulu Öndər kimi yetişdirdiyi bir şəxsiyyəti olub. Ulu Öndər həyatının bütün mərhələlərində öz işinə vicdanla yanaşan, prinsipial, intellektual, xalqını sevən, zəhmətkeş bir insan kimi gənc dövrlərindən çalışdığı sahələrdə ən yüksək nəticələr göstərmiş və vəzifə pillələrində irəliləyərək Azərbaycanın rəhbərliyinə gəlmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Azərbaycan 15 respublika içərisində son sıralarda idi:

"Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə isə qısa müddətdə Azərbaycan Rusiyadan, Ukraynadan və Belarusdan sonra dördüncü rentabelli respublikaya çevrildi. Bu, unikal bir hadisədir və bu inkişaf onun adı ilə bağlıdır. Müstəqillik dövründə isə, ölkədə vətəndaş qarşıdurması, müharibə, daxildə parçalanma, hətta dövlətçiliyin məhv olmaq təhlükəsi yaşanarkən xalq yenidən Ulu Öndər Heydər Əliyevə müraciət etdi və xalqın təkidilə Ulu Öndər Azərbaycan Respublikasının rəhbərliyinə qayıtdı. Qısa müddətdə Azərbaycan bu ağır böhranlardan xilas edildi. Ölkənin iqtisadiyyatında, sabitliyində, ordu quruculuğunda, gənclərin vətənpərvər ruhda tərbiyəsində bütün sahələrdə Ümummilli Liderin izini görmək mümkündür. Həmin dövrdə artıq Azərbaycan sabitliyə doğru addımlar atmağa başladı.

Kiçik bir respublikanın prezidenti olan Ulu Öndər Heydər Əliyev dünya liderləri sırasında öz layiqli yerini tutdu və onun şəxsiyyətinə, liderliyinə, siyasətinə hər yerdə hörmətlə yanaşıldı. Azərbaycanın bu gün təşəkkül tapmasında, cənab İlham Əliyevin bütün sahələrdəki inkişafımızın memarı olmasında məhz Heydər Əliyevin o dövrdə qurduğu möhkəm təməllərin rolu var. Prezident İlham Əliyev bu təməllər üzərində qurulmuş Azərbaycanı bu gün bütün dünyaya tanıdır. Biz bu gün dünyanın ən qürurlu xalqı və dövləti statusunu daşıyırıq. Ulu Öndər fiziki olaraq aramızda olmasa da, hər yerdə onun əsərlərini, ideyalarını görürük. Onun qurduğu və inkişaf etdirdiyi, şah əsəri olan Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir. Nə qədər ki, Azərbaycan sözü var, bu ölkə var, Ulu Öndərin adı da Azərbaycan adı ilə qoşa çəkiləcək".