Azərbaycan və Cənubi Koreya arasında maliyyə sektorunda texnoloji həllərin tətbiqi müzakirə edilib.
SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Cənubi Koreyaya işgüzar səfər çərçivəsində bu ölkənin Maliyyə Nəzarət Xidmətinin sədri Li Çanjin ilə görüşdük, hər iki ölkənin maliyyə sektorunun cari vəziyyəti, bu sahələrdə aparılan islahatlar, eləcə də sektorun inkişafı istiqamətində görülən işləri müzakirə etdik. Bununla yanaşı, bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi üzrə fikirlərimizi bölüşdük. Görüşdə həmçinin gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.