"Xəzərin qurudulmasında Rusiya bir nömrəli faktordur, çünki Xəzərin əsas su mənbəyi olan Volqa çayı Rusiyanın işğalı altındakı türk torpaqlarından keçir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
.jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu çayın sularının başqa istiqamətlərə yönəldilməsi və Volqa suyunun azalması prosesi illərdir davam edir və nəticədə Xəzər dənizinin səviyyəsi aşağı düşür.
Yeri gəlmişkən, bunu Güney Azərbaycanda yerləşən Urmiya gölünün qurudulması ilə müqayisə etmək olar. Orada da Azərbaycan xalqına aid olan bir gölün qurudulması yolu ilə əhalinin bölgədən köçməyə məcbur edilməsi və nəticədə Güney Azərbaycanın boşaldılması siyasəti aparılır.
Eyni prosesin indi Rusiya tərəfindən Xəzər dənizi ətrafında aparıldığını görürük. Məqsəd Xəzər akvatoriyasında və sahilboyu ərazilərdə yaşayan türk xalqlarının həyatını çətinləşdirmək, onları oradan köçməyə məcbur etməkdir. Bu isə bir mənalı olaraq Rusiyanın planlı və məqsədli dövlət siyasətidir.
Rusiya Xəzər dənizini bilərəkdən qurudur və bu prosesin mərkəzində də Volqa çayı dayanır. Volqa əslində türklərin çayıdır, lakin hazırda Rusiyanın işğalı altındadır. Hətta bir müddət öncə Volqa çayından Azov dənizi istiqamətində kanal çəkilməsi planlarından da bəhs olunurdu. Bu, Volqa sularını Xəzərə yox, dünya okeanına yönəltmək deməkdir. Bu isə Xəzər üçün çox böyük bir fəlakət ola bilər.
Əgər belə bir plan Rusiyada müzakirə olunurdusa, artıq əlavə sübut axtarmağa ehtiyac yoxdur. Aydın şəkildə görünür ki, Rusiya Xəzəri məqsədli şəkildə qurutmaq və suyunu azaltmaq siyasətini həyata keçirir".