Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
Noyabr ayı ərzində nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Bələdiyyələrlə iş baş idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, Tibb baş idarəsi, İcra xidməti və İnsan resursları idarəsinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, videoqəbullarda nazirliyin fəaliyyət istiqamətləri üzrə 49 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.