Tovuzda istehlaka yararsız məhsulların satışının qarşısı alınıb

3 Dekabr 2025 12:43 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Tovuz rayonunun Yanıqlı kəndində fiziki şəxs Əsgərov Calal Qələndər oğluna məxsus “Kənan” pərakəndə satış mağazasında plandankənar yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı müşayiətedici sənədləri olmayan “Organic №1”, “Organic”, “Orlovskaya” əmtəə nişanlı saxta araqlar və yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları müəyyən edilib.

İstehlaka yararsız qida məhsulları dərhal satışdan kənarlaşdırılıb. Qaimə, faktura və sair sənədləri mövcud olmayan araq məhsullarının satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı inzibati protokol tərtib edilərək mağaza rəhbəri məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.