"Elmi araşdırmalar və real sektorun tendensiyaları göstərir ki, elektromobillər “yalnız imic” deyil əksinə, düzgün şərtlər altında qlobal CO₂ emissiyasının azalmasına ciddi töhfə verən bir texnologiyadır. Bununla belə, məsələyə romantik yox, obyektiv yanaşmaq vacibdir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, elektromobillərin əsas üstünlüyü onların istismar mərhələsində - yəni yolda hərəkət edərkən - sıfıra yaxın emissiya yaratmasıdır: "Daxiliyanma mühərrikli avtomobillərdən fərqli olaraq, elektromobillər istifadə zamanı atmosferə birbaşa CO₂ çıxarmır. Bu faktor xüsusilə böyük şəhərlərdə hava çirkliliyinin azalmasına, urban mühitdə səs-küyün minimuma düşməsinə və nəqliyyatın karbon izinin azalmasına xidmət edir. Lakin məsələ yalnız bu qədər sadə deyil. Elektromobilin istehsal prosesi, xüsusilə böyük litium-ion batareyaların hazırlanması, ənənəvi avtomobillərlə müqayisədə daha yüksək karbon emissiyası yaradır. Bu səbəbdən bəzi tənqidçilər iddia edirlər ki, elektromobil əslində “istehsalda qazandırdığı qədər, istifadədə itirir”. Amma araşdırmalar göstərir ki, elektromobil müəyyən kilometrdən sonra (ölkədən və enerji qarışığından asılı olaraq) “istehsal borcunu” kompensasiya edir və ümumi həyati dövrdə benzin və dizel avtomobillərdən qat-qat daha az CO₂ emissiyası yaradır.
Burada əsas rol elektrik enerjisinin hansı mənbədən əldə edilməsidir. Əgər elektromobil kömürlə işləyən elektrik stansiyalarının üstünlük təşkil etdiyi ölkədə şarj olunursa, bu zaman ümumi mənzərə o qədər də dəqiq olmur. Lakin şəbəkəsi külək, günəş və digər bərpaolunan mənbələrdən ibarət olan ölkələrdə elektromobilin CO₂ üstünlüyü qat-qat yüksəlir. Bir çox Avropa ölkəsində, eləcə də regionda energetik dönüşüm proseslərinin sürətlənməsi elektromobillərin real ekoloji təsirini daha da artırır. Digər tərəfdən, plug-in hibrid avtomobillər (PHEV) çox vaxt “yaşıl alternativ” kimi təqdim olunsa da, real istifadədə onların CO₂ emissiyası gözlənildiyindən yüksək ola bilər. Çünki bir çox sürücü bu avtomobilləri elektrik rejimində minimal istifadə edir və nəticədə onlar benzin mühərrikli avtomobil kimi fəaliyyət göstərir. Bu da PHEV-ləri müəyyən mənada daha çox “imic” həllinə çevirir. Elektromobillər qlobal CO₂ emissiyasının azalmasına təsir edən real mexanizmdir, amma bu təsir avtomobilin istehsalı, şarj infrastrukturu və enerji istehsalının mənbəyi ilə birbaşa bağlıdır. Yəni elektromobil təkbaşına deyil, ümumi enerji siyasəti ilə birlikdə həqiqi ekoloji üstünlük yaradır. Dünyanın aparıcı ölkələrinin elektromobillərə keçidi təsadüfi deyil - bu, həm ekoloji, həm də iqtisadi gələcəyin vacib tələbatıdır".